Belarus qaçqın selinə mane olmadı – miqrantlar Polşanın sərhədini aşırdılar
Hurriyyet.az xəbər “Novaya qazeta” nəşrinə istinadən xəbər verir ki, Bruzqi-Kusnitsa sərhəd məntəqəsində Belarus tərəfdən gələn yüzlərlə iraqlı, suriyalı, yəmənli qaçqın Polşa sərhədindəki hasarı aşırıb.
Belarusun Sərhəd Komitəsinin açıqlamasında deyilir: “Noyabrın 15-də, bazar ertəsi günü səhər qaçqınlar vəziyyətin müsbət nəticələnəcəyinə ümidlə isti paltarlarını, çadırları, yataq kisələrini toplayıblar. Günorta saatlarında isə birləşərək böyük karvan şəklində Bruzqi buraxılış məntəqəsinə doğru irəliləməyə başlayıblar”.
Belarusun BelTa dövlət informasiya agentliyinin yaydığı kadrlarda insanların hasarı aşıraraq buraxılış məntəqəsinə doğru irəlilədiyi görünür. Qaçqınlar arasında çox sayda uşaq və qadın var. “RİA Novosti”nun məlumatına görə, sərhəd məntəqəsində 2 min nəfərə yaxın adam var.
Digər kanalların yaydıqları videolarda miqrantların Belarusun buraxılış məntəqəsindən Polşa məntəqəsi tərəfinə keçdikləri görünür. Burada onları dəbilqəli sərhədçilər qarşılayıblar. Sərhədçilər yolun köndələninə tikanlı məftil çəkərək qaçqınların yolunu kəsiblər. Beləliklə, Belarusdan buraxılan qaçqınlar Polşaya da buraxılmayıblar. Polşa mühafizəçiləri səsgücləndirənlərlə mqirantlara xəbərdarlıq ediblər ki, onlar irəliləsələr, güc tədbirləri ilə qarşılaşacaqlar. Həmçinin, Belarus tərəfinə də bu cür müraciət təkrar-təkrar səsləndirilir: “Qonşular, belaruslar, sizdən çox xahiş edirik, özünüzə gəlin. Bunlar günahsız qadınlar və uşaqlardırlar. Onların evlərinə qayıtmasına imkan verin. Hələ dünənə qədər biz əl-ələ verib sərhədlərimizi qoruyurduq, indi isə siz günahsız insanlarla qorxunc şəkildə davranırsınız. Doğrudanmı, bütün bunlardan sonra siz öz övladlarınızın və həyat yoldaşlarınızın gözlərinə baxa biləcəksiniz? Xahiş edirik, düşünün”.
Hürr Tərcüman