Belarusun İrəvandakı səfiri XİN-ə çağrıldı
Nensi Pelosini "sülhməramlı qırğı" adlandırmışdılar
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Belarus respublikanın İrəvandakı səfiri Aleksandr Konyuk Ermənistanın Xarici İşlər Nazirliyinə çağrılıb. Bu barədə məlumatı Ermənistan XİN mətbuat xidməti verib.
Bunun səbəbi Belarusun Xarici İşlər naziri Vladimir Makeyin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərini pisləməsi olub. Erməni tərəfi bu açıqlama ilə bağlı narazılığını və narahatlığını bildirib.
Nazir ötən həftə (25 sentyabr tarixili çıxışında) Pelosinin səfəri (17-19 sentyabr tarixində baş tutub) barəsində danışarkən bu cür səfərlərin münaqişələrin sakitləşdirilməsinə yox, əksinə alovlanmasına xidmət elədiyini söyləmişdi.
Belarusun Xarici İşlər naziri Vladimir Makey ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən demişdi: ““Hesab edirəm ki, sülhməramlı cildinə girmiş bu cür “qırğıların” səfəri yaxşı heç nə gətirmir. Onun Tayvana səfərini xatırlamaq kifayətdir – oraya qədəm qoyandan sonra regiondakı vəziyyət kəşkin şəkildə pisləşdi”.
Hürr Tərcüman