📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Belə davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər” - Yenilənib

2026-10-09 15:52:00

“Belə davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər” - Yenilənib

“Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb”.

Hurriyyet.net  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən söyləyib.

Dövlət başçısı mövcud tendensiyanın davam edəcəyi təqdirdə, nəticələrin fəlakətli ola biləcəyini vurğulayıb. O qeyd edib ki, dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür.

“Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu ilə bağlı problemlərin olduğunu görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib”, - deyə Prezident bildirib.

***

Prezident İlham Əliyev əlavə edib: “Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində dayazlaşmanın səbəblərini müəyyənləşdirmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”.

“Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi mexanizmin yaradılmasına keçməliyik”, - deyən dövlət başçısı əvvəlcə Xəzər dənizi səviyyəsinin aşağı düşməsinə təsir edən bütün amillərin müəyyənləşdirilməsinin və vəziyyətin gələcək inkişafına obyektiv elmi qiymətin verilməsinin vacibliyini vurğulayıb.