"Belə davam etsə, ermənilərin sayı 1,5 mln. nəfərə qədər enəcək" - NATİQ CƏFƏRLİ
"Qonşularla sülh, əmin-amanlıq, dostluq şəraitində yaşamağı seçsinlər ki, həm ölkələri inkişaf etsin, həm də demoqrafiq vəziyyətləri faciəvi "əyridən" geri dönə bilsin"
"SSRİ-nin dağılmasından 30 il keçir, bu illər ərzində ən maraqlı məsələlərdən biri demoqrafiq dəyişikliklərdir. 1991-ci ilin əhali sayına nisbətən keçmiş SSRİ Respublikalarının demokrafik vəziyyəti belə dəyişib, əhalisi artan ölkələr: 1) Tacikistan - 67,13% artıb, 2) Türkmənistan – 51,46% artıb, 3) Özbəkistan – 49,87% artıb, 4) Azərbaycan – 35,85% artıb, 5) Qırğızıstan – 32,91% artıb, 6) Qazaxstan – 12,65% artıb. Əhalisi azalan ölkələr: 1) Rusiya – 0,59% azalıb, 2) Belarus – 6,44%, 3) Gürcüstan – 8,82%, 4) Ermənistan – 12,6%, 5) Ukrayna – 12,6%, 6) Estonya – 17,76%, 7) Moldova – 20,78% , 8 ) Litva – 23,96%, 9) Latviya – 27,75%". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.
Əhalisi artan ölkələrin ancaq müsəlman resbuplikaları olduğunu vurğulayan politoloq hesab edir ki, azalma olan ölkələrdə səbəblər müxtəlifdir və daha maraqlıdır: "Rusiyada əhalinin daha az azalmasının səbəbi elə keçmiş SSRİ Respublikalarıdır – onlardan gələn miqrantlar hesabına təbii azalma kompensasiya edilir. Baltikyanı ölkələrin əhalisi isə AB üzvlüyünün verdiyi üstünlüyə görə Şimali Avropa ölkələrinə və Britaniyaya üz tutdular, Moldova vətəndaşları isə Rumıniyaya daha çox köçdülər, Ukraynalılar isə AB ilə sazişdən, vizasız gediş-gəlişdən sonra Şərqi Avropa ölkələrinə köç etdilər. Gürcüstan və Ermənistanda isə təbii artım azalıb, ciddi məsələdir. Ermənistan məsələsi mənim üçün daha maraqlıdır. Təsəvvür edin ki, Ermənistan əhalisi son 30 ildə 13%-ə yaxın azalıb. Doğrudur, burada köç məsələsi də önəmli rol oynayır, amma demək istədiyim başqadı. Ermənistanda rəsmi rəqəmlərə görə, 2 mln. 900 min insan yaşayır, amma real rəqəmlər, təqribən, 2,2 mln. nəfər civarındadır. 19-cu əsrin sonunda bizim coğrafiyada (indiki Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan əraziləri) ermənilərin sayı 5,2 mln. nəfər olduğu bəzi tarixi mənbəələrdə qeyd olunur – bu rəqəmi mübahisələndirmədən həqiqət kimi qəbul etsək, indi vəziyyət belədir: Bu gün Türkiyədə 100 min, Gürcüstanda 300 minə yaxın, Azərbaycanda (Xankəndi və ətrafı) 40-50 minə yaxın, Ermənistanda isə 2,2 mln. nəfər, ümumilikdə isə 2 mln. 650 min civarında erməni əsilli vətəndaşlar yaşayır. Yəni, son 150 ildə bizim coğrafiyada ermənilərin sayı 2 dəfə azalıb".
Natiq Cəfərlinin sözlərinə görə, bunun əsas səbəbi Türkiyəyə xəyanət, böyük Ermənistan nağılı və mifi, Rusiyaya bağladıqları böyük ümidlər, qonşulara qarşı aqressiya olub: "Erməni əhalisini onların baş bilənləri və xarici kəşfiyyata qulluq edən xadimləri, Rusiya agentləri son 150 ildə saylarının 2 dəfə azalmasına səbəb olublar. Onlar yaşadıqları yerlərdə xəyanət etməsəydilər, Rusiyaya güvənib qapı qonşularını arxadan vurmasaydılar, bu gün coğrafiyamızda erməni əsilli vətəndaşların sayı 10 mln.-dan çox olardı. Bu günün Ermənistan siyasətçiləri papaqlarını qarşılarına qoyub düşünsünlər, çünki son 150 ildə onların itirdikləri qazandıqlarından qat-qat çox olub. Tək qazancları dünyaya səpilmiş diasporalarıdır ki, onların da təsiri getdikcə zəifləyir, daxili çəkişmələri, diaspora ilə Ermənistan hökuməti arasında fikir ayrılıqları getdikcə artır. İtirdikləri isə göz qabağındadır. Əgər yaşadıqları yerlərdə Rusiyanın təkidi ilə vətəndaşları olduğu ölkələri arxadan vurmasaydılar, bu gün Türkiyədə, azı 4-5 mln. erməni yaşayacaqdı, onların öz siyasi partiyaları, məmurları, millət vəkilləri olacaqdı, Azərbaycanda isə azı, 500 min erməni yaşayacaqdı. Hətta ölkəmizin daha demokratik olmasına səbəb olacaqdılar, ən yaxşı yerlərdə onlar çalışacaqdı, neftdən-qazdan da pay alacaqdılar. Olmadı, anlamadılar, rusun buyruq qulu olub öz millətlərinə ziyan etdilər. Heç olmasa indi ayılsınlar, hələ də gec deyil. Qonşularla sülh, əmin-amanlıq, dostluq şəraitində yaşamağı seçsinlər ki, həm ölkələri inkişaf etsin, həm də demoqrafiq vəziyyətləri faciəvi "əyridən" geri dönə bilsin. Belə davam etsə, 50 ildən sonra coğrafiyamızda yaşayan ermənilərin sayı 1,5 mln. nəfərə qədər enəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az