Bələdiyyə sədri bankdan kredit götürərək Vilyam Hacıyevə rüşvət verib: "Haqqını verərək sədr oldum"
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə olan Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.
Sonuncu prosesdə rayonda bələdiyyə sədri işləmiş Qəhrəman Qəhrəmanov ifadə verib.
Qəhrəman Qəhrəmanov bu vəzifəyə təyin olunmaq üçün icra başçısına 10 min manat rüşvət verdiyini deyib. Bildirib ki, həmin pulu bankdan kredit götürüb.
Onun sözlərinə görə 3 kənd üzrə bir bələdiyyə sədri təyin olunurmuş. O da kredit götürüb və bələdiyyə sədri olub.
Bu əməlini qəhrəmanlıq kimi danışan Qəhrəman Qəhrəmanov bildirib ki, haqqını verərək sədr olub.
"Bundan başqa SSRİ dövründə Əfqanıstanda döyüşdüyümə görə Moskvadan mənə medal göndərmişdilər. Vilyam Hacıyev dedi ki, ümumi iclasda medalı sənə təqdim etmək üçün 1000 manat verməlisən. Sonra 500 manata razılaşdıq. Medalı sinəmə taxdı, təqdimat elədi. Bələdiyyə sədri seçki ilə seçilməli idi, amma mən qanunsuz seçilmişəm, Vilyam Hacıyevə haqq vermişəm”.
Vilham Hacıyev etiraz olaraq bildirib ki, keçmiş icra başçısı bələdiyyə sədrinin qanunsuz əməllərindən Ədliyyə Nazirliyinə şikayət edib: “Bu adam yalan danışır. O, qanunsuz işlədiyinə görə şikayət etmişəm. Araşdırma aparılıb və ona İmişli rayon məhkəməsinin qərarı ilə həbs cəzası verilib”.
Xatırladaq ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
Musavat.com