Bələdiyyələri boğan dövlət qurumlarına qarşı YENİ QANUN LAZIMDIR
Dövlət başçısı nə zaman sərəncam imzalayacaq?
İnsanlar torpaq və ya ev alan zaman əvvəlcə onun sənədi ilə maraqlanırlar. “Bələdiyyə sənədi” adı çəkiləndə isə istər-istəməz narahatlığa səbəb olur. Çünki vətəndaş bilir ki, bələdiyyə sənədi ilə torpaq alsa, onu Əmlak Komitəsində sənədləşdirmək, özəlləşdirmək çətin olacaq. Və bələdiyyə sənədi ilə torpaq alan vətəndaşı ikinci bir sual da düşündürür: "görəsən, torpaq məndən öncə kiməsə satılmayıb ki? Torpağın başqa sahibi yoxdur ki?"
2007-ci ilin dekabr ayında müvafiq qanuna edilən dəyişiklikdən sonra bələdiyyələr torpağı yalnız açıq hərraclar və müsabiqələr yolu ilə sata bilərlər. Bu zaman satılan torpağın bələdiyyənin mülkiyyətində olduğunu göstərən sənədin, yəni çıxarışın təqdim edilməsi zəruridir. Əks halda, bələdiyyənin verdiyi sənəd etibarsız hesab edilməlidir.
Lakin burada ortaya çıxan əsas problem ondan ibarətdir ki, vətəndaş qeyd olunan sənədlər və şəxsiyyət vəsiqələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon üzrə ərazi idarəsinə yaxınlaşaraq bələdiyyə torpağına dair çıxarışını əldə etmək istəyir. Lakin əsl problem də elə bu zaman başlayır.
Xüsusilə də qeyri-yaşayış subyektləri üçün istifadəyə verilən torpaqların özününküləşdirilməsi problemləri yaranır. İllər ərzində vətəndaşa istifadə üçün verilmiş və qeyri-yaşayış təyinatlı istifadəsi üçün verilən torpaqların özəlləşdirilməsi çətinliyi yaranır. Məlum olur ki, uzun illər vətəndaşa verilmiş bələdiyyə torpaqları üçün nəzərdə tutulan ərazinin müvafiq olaraq sənədlərində problem var. Problem isə ərazi üzrə xəritələr əsasında təsdiq edilməsindən ibarətdir. Bələdiyyə torpaqlarının kadastrının aparılmasında yaranmış problemlərlə bağlı olaraq vətəndaşın müraciətinə müsbət cavab verilmir.
Səbəb kifayət qədər sadədir. Vətəndaş istifadəsində olan torpaq sahəsini tikinti məqsədilə faydalanmaq üçün mülkiyyət hüququ əldə etməyə çalışır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edir.
Bəlli olur ki, istifadəsində olan torpaq sahəsi üçün kadastr xəritəsini çıxarış əldə etmək faktiki olaraq mümkünsüzdür. Çünki bələdiyyədən torpaq sahəsi üçün aldığı ərazinin xəritəsi yenidən təsdiq edilməlidir. Xəritəni təsdiq etmək üçünsə yenidən başa qayıtmaq lazımdır. Prossedur olaraq 2007-ci ilə qədər vətəndaşlara bələdiyyə tərəfindən verilən torpaq sahəsinin müvafiq yerli icra hakimiyyəti ilə razılaşdırılmasına ciddi ehtiyac var. Bu zaman vətəndaş müvafiq icra hakimiyyətindən təkrar olaraq tikintiyə razılıq sənədi almalıdır. Bu zaman da bürokratik əngəllərlə qarşılaşır. Razılaşdırılmış ərazilər üzrə müvafiq olaraq kadastr xəritələri ilə bağlı dövlət qurumları arasında uyğunsuzluqlar isə illərdir ki, həll olunmur.
“Huriyyət”-ə danışan problem sahibləri deyir ki, aylardır yerli icra hakimiyyətləri bələdiyyələr üçün nəzərdə tutulan torpaq sahələri ilə bağlı olaraq xəritələri vermirlər. Hətta müvafiq olaraq bələdiyyə mülkiyyətində olan torpaqların xəritəsi hazırlansa da həmin xəritələr yerli bələdiyyələrə verilmir. Rayon İcra Hakimiyyətlərində saxlanılan xəritələrin hansı səbəblərdən bıələdiyyə verilmədiyini isə öyrənmək mümkün deyil.
Hələlik rəsmi qurumlar iddia edir ki, bir sıra rayon və şəhərlər üzrə baş planlar hazırlanır. Bu səbəbdən də tikinti işlərinin aparılması dayandırılır. Lakin burada kütləvi narazılıqların da yaşana biləcəyi real görünür. Məsələn bu gün məlumat yayıldı ki, Azərbaycanın dörd şəhərinin Baş planı təsdiq olunub. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb. Qərarla Saatlı, Sabirabad, Şabran və Kürdəmir şəhərlərinin 2038-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edilib.
Çox maraqlıdır ki, hazırlanan baş planlar üzrə qeyd etdiyimiz problemin hansı səviyyədə həll ediləcəyi də bəlli deyil. Yəni 2007-ci ilə qədər istifadəsində olan torpaq sahəsindən qeyri-yaşayış məqsədilə yararlanmaq və ya onu özününküləşdirmək istəyi ilə bağlı qanunda ciddi boşluqlar var. Məhz bu növ torpaq sahələri üçün mülkiyyət hüquqlarının tanınması üçün Dövlət Başçısının sərəncam imzalaması lazımdır. Bələdiyyələrin İnkişafı üzrə Dövlət Proqramında da bu məqam yer alır. Yəni 2007-ci ilə qədər olan dövrdə qeyri-yaşayış yerləri ilə bağlı olaraq ayrılan torpaq sahələrinin özəlləşdirilməsi məsələsi.
“Hürriyyət” xatırladır ki, ötən həftə yerli mətbuatda analoji problemlə bağlı olaraq bir skandal da yaşanıb. Sabirabad rayonun Qaraqaşlı kəndində bir fermer 20 ilə yazındır icarə və istifadəyə dair vergisini ödədiyi torpaq sahəsinə sahiblənə bilməyib. Səbəb isə kifayət qədər sadədir. Başqa bir vətəndaş Dövlət Reyestr Xidmətindən müvafiq olaraq mülkiyyətə dair çıxarış əldə edərək həmin əraziyə sahib çıxıb. Eyni problemlə bağlı olaraq internet axtarış resurslarında yetərincə qalmaqallara dair məlumatlar var. Şəmkir rayonunda 20 ildən çoxdur yerli bələdiyyədən torpaq sahəsi alarar süni balıq gölü kimi istifadə edən Kərimov Elşadın torpaq sahəsi əlindən alınıb. Səbəb isə yerli icra hakimiyyətinin rəsmi arayışı ilə digər bir sahibkar həmin əraziyə iddia etməyə başlayıb.
Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun 5 -ci maddəsi bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutur.
Bu qanunun 5.1-ci maddəsində Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququ olduğu ifadə edilir. Eyni zamanda bələdiyyə torpaqlarının satışı ilə bağlı da 8-ci maddədə xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları təsbit edilib.
Bu qanun müvafiq olaraq icrası səlahiyyətləri də bələdiyyələrə verilir. Lakin bu gün ölkədə kifayət qədər mübahisələr var ki, məhz qanunda mövcud olan boşluqlardan qaynaqlanır. Bələdiyyə torpaqlarının istifadəsi, bu torpaqların sərhədlərinin dəqiqləşdirilməsi haqqında isə illərdir ki, yeni qanun və sərəncamlarım imzalanmasına ehtiyac var. Yəni buradan o qənaətə gəlmək olur ki, ən azından dövlət başçısı sərəncam imzalamalıdır ki, bələdiyyə torpaqlarının həm sərhədləri dəqiqləşdirilsin, həm də onların istifadəsinə dair müvafiq qanunvericilik aktları qəbul edilsin. Məsələ burasındadır ki, məhz belə bir qanunlar toplusu olmadığından faktiki olaraq problemlər də yaranır.
Konkret olaraq bələdiyyə mülkiyyətində olan torpaqların fiziki şəxslərin mülkiyyətinə verilməsi məhz 2007-ci ilə qədər olan və qeyri-yaşayış sahıələri üçün müvafiq qanunlara ehtiyac var. Belə olan təqdirdə Əmlak Xidməti və müvafiq icra qurumları tərəfindən yaradılan və kütləvi xarakter almaqda olan problem asanlıqla öz həllini tapmış olacaq.
Hurriyyet.az