"Bərdə və ya digər rayonların birində erməni nümayəndələri ilə görüş labüddür" - ZAUR MƏMMƏDOV
"Əgər separatçılar silahlı birliklərini bölgədən çıxartmayaraq qondarma institutlarının fəaliyyətini dayandırmayacaqlarsa, Azərbaycan bunu güc yolu ilə reallaşdıracaq"
"Qarabağda Arutunyan və Vardanyan arasında soyuq küləklər əsməkdədir. Vardanyan və ətrafındakılar buna qarşı çıxsa da yaxın vaxtlarda Ağdamdan keçməklə Bərdədə və ya digər rayonların birində erməni nümayəndələri ilə görüş labüddür. Əgər reinteqrasiya ilə bağlı görüşə gəlməsələr, bu diplomatların yerinə, hərbçilərin sükanı ələ almalarına gətirib çıxaracaq". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Politoloq hesab edir ki, son həftələr ərzində separatçıların hərbi istehkamlar quraşdırmağa cəhd göstərmələri Qarabağın dağlıq hissəsində vəziyyətin sabitləşməsində separatçıların və bəzi xarici qüvvələrin maraqlı olmadıqlarının göstəricisidir: "Hər halda, təkliflər var, proses davam edir. Qarabağ erməniləri Azərbaycanda digər etnik qruplar kimi dini və dil hüquqları əldə edə, yerli lokal səviyyədə seçkili orqanlarda iştirak edə bilərlər. Əgər Qarabağın dağlıq hissəsinin Azərbaycanın əsas hissəsinə reinteqrasiyası sülh şəraitində Bakının tələblərinə uyğun həyata keçirilərsə regiondakı Türkiyə - Rusiya hərbi konfiqurasiyası indiki şəkildə daha birmüddət uzlaşmanı davam etdirəcəklər. Yox əgər separatçılar silahlı birliklərini bölgədən çıxartmayaraq qondarma institutlarının fəaliyyətini dayandırmayacaqlarsa, Azərbaycan bunu güc yolu ilə reallaşdıracaq".
Zaur Məmmədov əlavə edib ki, bunu anlayan regional aktorlar son zamanlar bir sıra təkliflərlə çıxış edirlər: "Onların 2025-ci ildən sonra bölgədəki bəzi institutlarının fəalliyətini davam etdirməsinə o halda baxıla bilinər ki, separatçı qurumlar ləğv edilsin reinteqrasiyaya start verilsin".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az