Berlində yüzlərlə gənc küçələrə axışdı - Mertsin istefasını tələb edirlər
Almaniyanın paytaxtı Berlində yüzlərlə gənc məcburi hərbi xidmətin bərpasına və ölkənin hərbiləşdirilməsinə qarşı etiraz aksiyası keçirib.
Hurriyyet.net TASS-a istinadən xəbər verir ki, nümayiş “Gen Z regelt” (“Z nəsli qərar verir”) gənclər təşkilatı və “Məcburi hərbi xidmətə qarşı məktəb tətili” alyansının təşəbbüsü ilə təşkil olunub.
Məlumata görə, etirazçıların əksəriyyətini məktəblilər təşkil edib. Aksiya iştirakçıları məcburi hərbi xidmətə qarşı çıxmaqla yanaşı, məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsinin artırılmasını, psixoloji yardım xidmətlərinin genişləndirilməsini, iqlimin qorunması tədbirlərinin gücləndirilməsini və yaşayış xərclərinin əlçatan olmasını tələb ediblər.
Nümayişçilər həmçinin Almaniya Kansleri Fridrix Mertsin istefasını istəyiblər.
Etirazçılar “Məcburi hərbi xidmətə yox!”, “Bundesverə nə bir nəfər, nə də bir sent!” və “Merts getməlidir! Büdcə ixtisarlarına, irqçiliyə və silahlanmaya qarşı!” şüarları yazılmış plakatlar qaldırıblar.