Bəxtiyar Tuncay: “Əgər kimsə düşünürsə, ABŞ Türkiyənin önünü kəsə biləcək, çox böyük səhv edir”
Hurriyyet.az xəbər verir ki, türkoloq alim, araşdırmaçı publisist Bəxtiyar Tuncay öz “Feysbuk” səhifəsində Türkiyə Prezidenti R.T.Ərdoğanın bu günkü açıqlamasını şərh edib. Bəxtiyar Tuncay yazıb: “Bu gün AK Partinin Milli Məclisdəki üzvləri qarşısında çıxış edən cənab Rəcəb Tayyib Ərdoğan bir çox önəmli mesajlar verdi və bu mesajlar içərisində ən önəmlisi, fikrimcə, Tel-Rəfat və Münbic hərəkatlarının başlandığını söyləməsi oldu.
Türkiyə-Suriya sərhəddi böyunca 30 km dərinlikdəki bütün əraziləri PKK terrorçularından azad edərək, Suriyalı qaçqınların güvənli bir şəkildə yurdlarına dönməsini hədəfləyən, hələlik Tel-Rəfat, Münbic, Ayn əl-Ərəb (Kobani) və Qamışlı istiqamətlərini göz önündə tutan Türkiyənin ilk olaraq bunlardan ikisində hərəkata başlaması gözlənilirdi, elə də oldu.
Tel-Rəfatın alınması ilə Hələb yolunun açılacağını və suriyalı qaçqınların önəmli hissəsinin məhz bu şəhərdən olduğunu unutmamaq lazımdır. Tel-Rəfata əməliyyat gələcəkdə Hələb əməliyyatı üçün ciddi bir zəmin hazırlayacaqdır.
Münbicin, eləcə də Fərat çayının o biri sahilində olan Ayn əl-Ərəbin azad edilməsi ilə isə Rakka və Deyr əz-Zor şəhərlərinə yol açılacaq, eləcə də hazırda PKK-nın əlində olan üç əsas su anbarı və elektrik stansiyasının yaxın gələcəkdə terroristlərdən təmizlənməsini asanlaşdıracaq.
Suriyanın əsas neft yataqları Deyr əz-Zor ətrafında yerləşir və terroristlər ABŞ-ın köməyi ilə oranı da ələ keçirmişlər.
Rakka və Deyr əz-Zor da ən çox qaçqın vermiş şəhərlərdəndir. Onların azad edilməsi ilə oranın əhalisi də geri dönmək imkanı əldə edəcək.
Geri dönənlərin yaşaya bilməsi üçün suya və elektrik enerjisinə ehtiyac var. Eləcə də onlar üçün ev-eşik qurmaq və iş yerləri açmaq üçün neft gəlirlərinə ehtiyac var. Bunlar isə hələlik ABŞ-ın dəstəklədiyi PKK terrorçularının nəzarətindədir. Lakin hələlik...
Əgər kimsə düşünürsə, ABŞ Türkiyənin önünü kəsə biləcək, çox böyük səhv edir...”

Hürr Tərcüman