📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bəxtiyar Tuncay: “Ərdoğan-Putin görüşündən sonra Azərbaycan da xüsusi mesaj alacaq”

2022-10-12 11:47:00

Bəxtiyar Tuncay: “Ərdoğan-Putin görüşündən sonra Azərbaycan da xüsusi mesaj alacaq”

Hurriyyet.az xəbər verir ki, türkoloq alim, araşdırmaçı publisist Bəxtiyar Tuncay öz “Feysbuk” səhifəsində Türkiyə Prezidenti R.T.Ərdoğanın bu gün rusiyalı həmkarı Vladimir Putin ilə Qazaxıstanın paytaxtı Astana şəhərində Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit zamanı keçirəcəyi görüş barəsində təhlil və proqnozlarını bildirib.

B.Tuncay yazıb: “Bu gün Qazaxıstanın paytaxtı Astanada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında kritik görüş baş tutacaq. Tərəflər həmişəki kimi Liviya, Suriya ilə yanaşı, Azərbaycan-Ermənistan məsələsi ətrafında da müzakirələr aparacaqlar. Lakin müzakirə ediləcək əsas məsələ, əlbəttə ki, Ukraynadakı son durum olacaq. Əldə olan məlumatlara görə, Ukraynanın əks-hücumlarını dayandırmağa gücü yetməyən, qısa və orta mənzilli mərmi və raketləri də tükənmək üzrə olan Rusiya atəşkəs əldə edilməsi üçün ABŞ və Ukrayna prezidentlərinə özünün güzəştli şərtləri barədə mesaj göndərməyə hazırlaşır.

Əlbəttə, Türkiyənin dövlət başçısı rus həmkarının mesajını ünvanlarına çatdıracaq və nüvə təhlükəsinin qarşısını almaq üçün əlindən gələn hər şeyi etməyə çalışacaqdır. Fəqət müşahidələrim göstərir ki, nə ABŞ, nə də Ukrayna atəşkəsdə maraqlı deyillər. Zelenski işğal altında olan bütün Ukrayna torpaqlarının tamamilə azad edilməsini istəyir, üstəlik də Rusiyanı etdiyi bütün vəhşiliklərə görə şiddətli qisasla hədələyir. Və qisas almaq üçün də əlində lazımi silahlar, daha dəqiq desək 500 km mənzilli raketlər var.

Bili, Ukrayna hazırda Rusiyanın dərinliklərindəki obyektlərə dağıdıcı zərbələr endirmək imkanına sahibdir və əgər dünənə qədər ABŞ və ingilislər Ukraynaya həmin raketlərlə Rusiya ərazilərini vurmağa icazə vermirdilərsə, dünən, yəni oktyabrın 11-də baş tutan G-7 zirvəsindən sonra ona belə bir icazənin verildiyi söylənilir.

Ukraynanın bu addımı, adi silahlarla qələbə qazanmaq şansını artıq itirmiş Rusiyanın taktiki nüvə zərbələri endirmək qərarlılığını daha da artıra bilər. Rəsmi Moskva rəsmi Vaşinqton və rəsmi Kiyevdən gələn cavabı gözləyəcək. Cavab mənfi olarsa, nüvə silahları işə salınacaq. Müsbət olarsa, Rusiya və Ukrayna prezidentləri noyabrın 10-da Antalyada müzakirələrə başlaya bilərlər.

Görünən budur ki, ABŞ da atəşkəsdə maraqlı deyil, hətta rusların Ukraynaya taktiki nüvə zərbəsi endirməsini istəyir. İstəyir ki, bundan istifadə edərək Rusiyanı darmadağın edə bilsin. Buna artıq ciddi hazırlıqlar gedir. Deyilənlərə ən gözəl misal ABŞ-ın taktiki nüvə başlıqlı raketləri daşıya bilən B-2 təyyarələrinin Polşaya gətirilməsidir.

Ukraynadan gələn cavab Putini qane edən cavab olmasa, Ukraynanı atəşkəsə məcbur etmək üçün nüvə zərbələri endirməkdən başqa çarə qalmayacaq.

Fikrimcə, Astanada baş tutacaq Ərdoğan-Putin görüşündən sonra Azərbaycan da xüsusi mesaj alacaq və ölkəmizin sülh sazişini imzalamaq istəməyən, Rusiyanın mənafeyinə zidd olaraq ABŞ və Avropa Birliyi ilə münasibətləri dərinləşdirməyə çalışan Ermənistana qarşı növbəti qısamüddətli əməliyyat keçirmək üçün yaşıl işıq işıq yandırılacaqdır.

Bu arada gözlənilmədən başqa iki nüvə dövləti - Çin və Hindistan arasında da vəziyyətin gərginləşdiyi müşahidə edilir. Görünən budur ki, ABŞ bu iki dövləti də qarşı-qarşıya gətirməkdə son dərəcə maraqlıdır.

Bizi isə hazırda ən çox ölkəmizin ermənlərə qarşı keçirəcəyi növbəti əməliyyat maraqlandırmalıdır və əlbəttə ki, maraqlandırır da. Ümid edirəm ki, bu dəfə Ermənistanın daha çox hərbi obyekti, o cümlədən mina istehsal edən zavodu məhv ediləcək, yeni yüksəkliklər əldə ediləcəkdir.

Yeri gəlmişkən onu da qeyd edim ki, Putin-Ərdoğan görüşündən Türk dünyasını sevindirəcək başqa bir razılaşmanın da çıxacağı gözlənilir. Söhbət Rusiyanın Quzey Kipr Cümhuriyyətində konsulluq açmasından və ada dövləti ilə təyyarə reyslərinin təşkilindən gedir.

Blokada şəraitində olan rusların hazırda daha çox əlaqəyə ehtiyacı var. Üstəlik də bu addım Rusiyanın dost olmayan ölkələr siyahısında yer alan Yunanıstan və yunan Kiprinə gözdağı olar”.

Hürr Tərcüman

Şəkilin açıqlaması yoxdur.