📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Beyin əməliyyatı keçirdi - İnsanları pişik kimi görməyə başladı

2026-11-20 19:55:29

Beyin əməliyyatı keçirdi - İnsanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı Karl beyin əməliyyatından sonra qeyri-adi görmə qavrayışı pozuntusu ilə üzləşib. İki ildir insanların üzünə baxarkən ev pişiyi Luna-nın cizgilərini görən kişinin vəziyyəti elmi dairələrdə böyük maraq doğurub.

Hurriyyet.net  xəbər verir ki, araşdırmanın nəticələri “Cortex” jurnalında dərc olunub.

Karlın yaşadığı narahatedici vəziyyət artıq iki ildir davam edir. O, beyin qanamasına səbəb ola biləcək damar yumağının – arteriovenoz malformasiyanın – çıxarılması üçün keçirdiyi əməliyyatdan sonra bu əlamətlərlə qarşılaşmağa başlayıb.

Bu tibbi hadisə ABŞ-dəki Dartmut Kolleci və Brigham və Qadın Xəstəxanasının tədqiqatçıları tərəfindən araşdırılıb. Nəticələr “Cortex” jurnalında dərc olunub.

Tədqiqatçıların məqaləsində qeyd edilir ki, bu epizodlar adətən bir neçə saat davam edir, bəzən isə bütün gün ərzində müşahidə olunur.

Məqalədə qeyri-adi üz cizgiləri birləşməsindən başqa, yaranan görüntülərin tamamilə ardıcıl olduğu vurğulanıb. Belə ki, pişiyin üz cizgiləri baxılan insanın üzərinə sonradan əlavə edilmiş kimi görünmür, əksinə, onunla mükəmməl şəkildə birləşir. Baxış bucağı və ya məsafə dəyişdikdə isə görüntü də təbii şəkildə dəyişir.

Elmi dünyaya tamamilə yad olmayan bu hal əvvəllər görülmüş obyektin və ya üzün sonradan yenidən görünməsi mənasını verən palinopsiya adlanır.

Üz qavrayışının təhrif olunduğu bu xüsusi vəziyyət isə prosopometamorfopsiya kimi tanınır. Üzlərin emalı prosesi əsasən beynin sağ gicgah payından asılıdır. Karlın əməliyyatı zamanı isə bu nahiyənin bir hissəsinin çıxarılması zəruri olub.

Dartmut Kollecinin psixoloqu və beyin tədqiqatçısı Bred Duşeyn bildirib ki, Karlın insan üzlərində pişiyinin cizgilərini, yaxud pişiyində insan cizgilərini görməsi yaddaşdan ayrı-ayrı xüsusiyyətlərin çağırılaraq həmin andakı qavrayışa təsir göstərə bildiyini nümayiş etdirir.

Duşeyn və Karl prosopometamorfopsiya vəziyyətini əks etdirən görüntü yaratmaq üçün süni intellekt alətlərindən birgə istifadə ediblər.

Tədqiqatçıların fikrincə, ən yeni süni intellekt vasitələri bu cür pozuntuların anlaşılması istiqamətində mühüm imkanlar vəd edir. Cəmi bir neçə söz və ya cümlə əsasında saniyələr ərzində görüntülər yaratmaq, daha sonra onları xəstənin zehnində canlanan təsvirə uyğunlaşdırmaq mümkündür.

Duşeyn bildirib ki, süni intellekt görmə qavrayışı pozuntusu yaşayan insanların nələr hiss etdiyini daha dəqiq təsvir etməyə imkan verir.

Onun sözlərinə görə, xəstənin yaşadığı vəziyyəti anlamaq problemin araşdırılmasını və onu nəzarət altına almaq yollarının tapılmasını asanlaşdırır. Artıq xəstənin özü də bu vizuallaşdırma prosesində birbaşa iştirak edə bilir.

Bu vəziyyətin əvvəllər də qeydə alınması Karlın hadisəsini daha maraqlı edir.

1986-cı ildə yenə “Cortex” jurnalında dərc olunmuş tibbi hesabatda avtobusda oturan 58 yaşlı qadının yaşadığı oxşar hadisədən bəhs edilib. Qadın əvvəlcə başqa bir sərnişinin pudel cinsli itinə baxıb, daha sonra digər sərnişinlərə çevrildikdə onların hamısının üzünü it sifəti kimi görüb.

Həmin hadisədə də insult nəticəsində yaranmış beyin zədəsi qeydə alınmışdı. Bu zədə qadının tanıdığı insanları, hətta öz mənzilini belə tanıya bilməməsinə səbəb olmuşdu.

Bu hadisələrin dəqiq mexanizmini anlamaq üçün araşdırmalar davam edir. Həm it, həm də pişiklə bağlı hallar beynin üzləri digər vizual məlumatlardan fərqli şəkildə emal etdiyini göstərir. Çünki heyvanlara məxsus üz cizgiləri ağaclarda və ya mebellərdə deyil, yalnız insan üzlərində meydana çıxır.

Bu, beynin yalnız gözlərin gördüyü görüntünü qəbul etmədiyini, eyni zamanda müxtəlif məlumatları birləşdirdiyini göstərən yeni sübut hesab olunur.

Mövzunun daha dərindən araşdırılması üçün əlavə klinik hadisə tədqiqatlarına və, ehtimal ki, süni intellektdən daha geniş istifadəyə ehtiyac var.

Tədqiqatçılar qeyd ediblər ki, görmə qavrayışı pozuntularını anlamaq üçün xəstələrin nə gördüyünü dəqiq müəyyənləşdirmək vacibdir. Onların fikrincə, fotorealistik vizuallaşdırmalar gələcəkdə bu cür təcrübələrin sənədləşdirilməsi üçün getdikcə daha dəyərli vasitəyə çevriləcək.