Beynəlxalq əhəmiyyətli Horadiz-Ağbənd dəmir yolunun inşası ilə bağlı RƏSMİ AÇIQLAMA
"Qarabağda dəmir yolu sahəsində həyata keçirilən möhtəşəm layihələr məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır".
Hurriyyet.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları "QSC-nin mətbuat katibi Sənubər Nəzərova Bizim.Media-nın sorğusuna cavabında bikdirib.
Onun sözlərinə görə, "Horadiz-Ağbənd dəmir yolunun təməli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il fevral ayının 14-də qoyulub:
“2024-cü ildə yekunlaşdırılması planlaşdırılan, uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə işləri 78 faiz yerinə yetirilib. Tikinti işlərinin isə 53,2 km olmaqla, 38 faizi icra edilib.
Beynəlxalq əhəmiyyətli marşrut olmaqla, Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq. Horadiz-Ağbənd dəmir yolunun Həkəri çayının üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmir yolu körpüsünün tikintisi üzrə isə işlərin 85 faizi tamamlanıb".
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat rəsmisi Bərdə-Ağdam dəmir yolunun tikintisindən də danışıb.
O məlumat verib ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirmə və tikinti işləri Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən başlanılıb:
“Dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km, yan yollarla birlikdə 57,6 km-dir. Dəmir yolu tək xətlidir və tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir.
Layihə çərçivəsində ümumilikdə 4 stansiyanın (Bərdə, Köçərli, Təzəkənd, Ağdam), 130 mühəndis qurğusunun (3 ədəd körpü, 1 ədəd yol ötürücüsü, 7 ədəd heyvan ötürücüsü, 85 ədəd suötürücü boru, 1 ədəd piyada üst keçidi və 33 ədəd ehtiyat keçidi) və 34 yoldəyişən qurğunun tikintisi planlaşdırılaır.
Dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz, tikinti işləri isə 65 faiz yerinə yetirilib. Bərdə-Ağdam dəmir yolu xəttinin bu il başa çatacağı nəzərdə tutulub."