Beynəlxalq siyasətdə İlham Əliyevin rolu - "Vensin fikirləri sadəcə protokol xarakterli deyil..."
ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Bakıda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər siyasi mühitdə diqqət çəkib. O bildirib ki, İlham Əliyev ABŞ Prezidenti Donald Trampla yanaşı, həm Türkiyə, həm də İsraillə yaxşı münasibətlər saxlayan nadir dünya liderlərindəndir. Bu bəyanat həm regional, həm də qlobal siyasi kontekstdə müxtəlif müzakirələrə səbəb olub.
Bəhs edilən bəyanat özündə hansı siyasi, diplomotik mesajları ehtiva edir? Sözügedən fikir adi protokol xarakterli bəyanatdır, yoxsa İlham Əliyevin beynəlxalq diplomatiyasına verilən xüsusi qiymət kimi dəyərləndirilə bilər?
Bu barədə “Azpolitika”ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov bildirib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Vensin açıqlamasının arxasında bir neçə səbəb dayanır.
Onun sözlərinə görə, bu, Azərbaycan prezidentinin son dövrlər həm regional, həm də qlobal səviyyədə apardığı diplomatik gedişlərin, əldə etdiyi uğurların və beynəlxalq siyasətə verdiyi töhfənin təzahürüdür: “Azərbaycan prezidenti ABŞ və Türkiyə prezidentləri, həmçinin İsrail baş naziri ilə yaxşı münasibətlər qurub və bu balansı qorumağı bacarıb. Xüsusilə Türkiyə və İsrail arasında münasibətlər gərgin olmasına baxmayaraq, Azərbaycan bu balansı saxlayıb. Hətta 7 oktyabr hadisələrindən öncə Türkiyə və İsrail rəsmilərinin münasibətlərinin düzəlməsində Azərbaycan prezidentinin rolu olmuşdur”.
S.Hümbətov əlavə edir ki, Donald Trampla hər kəs asanlıqla dil tapa bilmir, amma İlham Əliyev bunu yüksək səviyyədə bacarıb: “Bu səbəbdən ABŞ-ın vitse-prezidenti Ceyms Vensin Azərbaycan prezidentinə dair söylədiyi fikirlər sadəcə protokol xarakterli deyil, həqiqətən müşahidə etdiyi və qiymətləndirdiyi münasibətləri əks etdirir”.