"Bild" Almaniyadakı seçkilərdən sonra yaranan "Berlin divarı"ndan yazıb
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Bild" nəşrinin yazdığına görə, Avropa Parlamentinə seçkilərin nəticəsində Almaniya demək olar, Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikası sərhədlərinə bölünüb.
İyunun 9-da keçirilən seçkilər nəticəsində AdQ partiyası ölkədə populyarlığına görə ikinci partiya kimi mövqelərini möhkəmləndirib.
Nəşrin yazdığına görə, 1990-cı ildə Almaniya birləşənə qədər Qərbi Almaniyaya məxsus olan "köhnə" federal torpaqlarda demək olar ki, hər yerdə Xristian-Demokrat ilə Xristian-Sosial İttifaqının mühafizəkar bloku lider olub. Bəzi iri şəhərlərdə, o cümlədən, Hamburq, Kil və Münsterdə birinci yeri "İttifaq-90" - "Yaşıllar" partiyası tutub.
Digər şəhərlərdə, məsələn, Bremen və Bremerhavendə seçicilərin əksəriyyəti Almaniya kansleri Olaf Şoltsun mənsub olduğu Almaniya Sosial Demokrat Partiyasına səs verib.
Ölkənin şərqində, əvvəllər ADR-ə məxsus olmuş “yeni” federal ştatlarda səslərin əksəriyyətini “Almaniya üçün Alternativ” (AdQ) sağ populist partiyası qazanıb. Bu ərazidə istisnalar Berlin və Potsdam şəhərləri olub, burada sakinlərin əksəriyyəti "yaşıllar"a üstünlük verib.
“Bild”in məlumatına görə, seçkilərdən sonra AdQ Almaniyada ikinci ən populyar partiya kimi mövqeyini möhkəmləndirib. Nəşrin INSA ictimai rəyi araşdırma institutunun rəhbəri Hermann Binkertdən gətirdiyi sitatda deyilir: "AdQ Almaniya kansleri Olaf Şoltsun mənsub olduğu Almaniya Sosial Demokrat Partiyasını iki, "Yaşıllar" partiyasını isə dörd xal qabaqlayır” .
Almaniyada Avropa Parlamentinə seçkilərdə 35 partiya və siyasi birlikdən 1,4 minə yaxın namizəd iştirak edib. İlkin məlumatlara görə, seçici fəallığı təxminən 65% təşkil edib (bundan əvvəlki 2019-cu il seçkilərində 61,4%). Xristian-Demokrat ilə Xristian-Sosial İttifaqı bloku 30% ilə liderlik edir, onu AdQ təqib edir.
Hürr Tərcüman