📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bilirdim ki, vətənin mənə ehtiyacı var" - Döyüşçü

2026-11-07 16:28:28

Vətən müharibəsi hər bir iştirakçının həyatında silinməz izlər qoyan, həm fərdi, həm də milli taleyin dəyişdiyi ağır və şərəfli bir sınaq dövrü oldu. Cəbhə xəttində yaşanan hər bir gün, verilən hər bir qərar və şahidi olunan hadisələr illər keçsə də, yaddaşlardan silinmir. Həmin iştirakçılardan da biri Elşad İsmayılovdur.

Elşad İsmayılov yaxınlaşan zəfərlə birlikdə içindəki qürur və fərəh hissi ilə yaşadıqlarını Modern.az-a danışıb:

"Mən 25 sentyabr 2020-ci il tarixdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə təlimə cəlb olunmuşam. Daha sonra 26 sentyabr 2020-ci il tarixdə Göygöl rayonunda yerləşən hərbi hissəyə göndərilmişik. Oradan da N saylı hərbi hissənin artilleriya briqadasına göndərilmişik. Sonra Murov istiqamətində yola düşmüşük. Və ayın 27-si müharibənin ilk günü...

 27 sentyabrda başlayan əks-həmlə əməliyyatında iştirak eləmişəm. 10 noyabrda imzalanan razılaşmadan sonra müharibə başa çatdı, atəşkəs oldu və dekabr ayının 24-də  Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxıldıq. İndi də özüm ehtiyatda olan baş leytenantam".

Elşad İsmayılov müharibəyə yollanmasından da danışıb.

"Mən ailəmi, övladlarımı, yaşlı ana-atamı arxamda qoyaraq vətənin keşiyində durmağa getdim. Bilirdim ki, vətənin mənə ehtiyacı var. Ona görə də xidmətə can atmışam, tələsmişəm.
Mənim vətənə bağlılığımın, xidmətə həvəsimin səbəblərindən də biri I Qarabağ müharibəsində yeniyetmə kimi döyüşlərdə iştiraka həsrətlə baxmağım olub. 14-15 yaşım vardı və ayrı qalan Qarabağ mənim yaralı yerim idi. Uşaqlıqdan onun həsrəti, uzaqdan sevgisi ilə böyüdüm. Ona görə də bu illər ərzində ordumuzun qazandığı kiçik nailiyyətlərə, aldıqları təpəciklərə görə sevinir, qürur duyurdum. Çox xoşbəxtəm ki, Qarabağın geri alınmasında mənim də əməyim keçib. Ordumuzun qəhrəmanlığını, şücaətini sözlərlə ifadə eləmək mümkün deyil. Biz bu zəfəri Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun qəhramanlığı sayəsində əldə etdik. Ona görə zəfərimizdən 6 il yox, 16 il, 66 il keçsə də, yenə eyni qürur, eyni sevinc və eyni fərəh hisslərini yaşayarıq".

Müsahibimiz II Qarabağ müharibəsi dövründə yaşadığı unudulmaz anlardan söz açaraq deyib:

"Müharibə vaxtı iki cür əsgər var idi - səfərbərlikdən gələn və hərbi xidmətdə olanlar. Biz bir qurtum suyu da bölüşürdük. Bir parça çörəyimiz olandaŞ onu yoldaşlarımız arasında bölürdük. Zabit, əsgər - fərq etmədən, heç nəyi düşünmədən bölüşürdük. Bəlkə də heç birimiz üçün yetərli deyildi. Ancaq bizim tək amalımız var idi: qələbə qazanmaq və onu xalqımıza yaşatmaq. Biz qələbə xəbərlərini aldıqca, daha da güclənirdik. Bizi bəsləyən bir tikə çörək deyildi, zəfər sədaları idi".