Bill Qeyts koronavirusla bağlı dəqiq tarix verdi
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, “Maykrosoft” şirkətinin banisi Bill Qeyts artıq gələn ilin ortalarından etibarən yeni tipli koronavirusun daha əvvəlki qədər təhlükəli olmayacağını bildirib. O, 2022-ci ilin yayında Kovid-19 virusundan ölüm hallarının kəskin şəkildə azalacağına əmin olduğunu bildirib.
Bill Qeyts Maykl Blumberqin Yeni iqtisadi forumundakı çıxışında deyib: “Yeni ştammlar yaranmasa, təbii immunitet, vaksin immuniteti və güclü immunitet yaradan həblər vasitəsi ilə artıq gələn ilin yayında koronavirusdan ölüm səviyyəsi və ağırlaşma halları kəskin şəkildə azala, hətta mövsümi qripdən daha aşağı ola bilər”.
Onun fikrincə, belə nəticəyə gəlinməsinin səbəbi vaksinlər və dərmanlarla bağlı son dövrlərdə meydana çıxmış “çox yaxşı” xəbərlərdir. Milyarder əmindir ki, profilaktika preparatlarının çatışmazlığı ilə bağlı bütün çətinliklər gələn ilə qədər aradan qalxacaq və yalnız loqistika və tələbatla bağlı məhdudiyyətlər qalacaq. O, bəzi Afrika ölkələrində vaksinə tələbatın problem doğurduğunu, lakin, bu problemin də həlli üçün əlindən gələn hər şeyi edəcəyini bildirib.
Qeyts onu da bildirib ki, “Merk” şirkətinin hazırladığı antivirus həbi olduqca uçuz – 8 dollardan da aşağı qiymətə olacaqdır: “Bunun sayəsində yaşına, yaxud da xroniki xəstəliyə tutulduğuna görə risk qrupunda olan şəxs testin müsbət cavabını aldığı gündən dərhal qoruyucu müalicəyə başlaya bilər”.
Ümumilikdə dünyada 250 milyon nəfərdən çox koronavirus xəstəsi var, 5 milyon nəfərdən artıq xəstənin həyatını xilas eləmək mümkün olmayıb.
Hürr Tərcüman