📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bir millət, bir dövlət" havasına girməmək şərtilə! – Murad Arif

2026-10-18 19:35:01

“Türkiyə-Azərbaycan arasında “sərin küləklər” absurdun yekəsidir. Elə bir absurddur ki, bu mövzuya ciddi yanaşıb, narahat belə ola bilmirəm. Biz bir canıq! Belə olub və belə də olacaq. Əlbəttə, ilk fürsətdə müəyyən maraqlara xidmət edən fürsətçilər nifaq yaratmağa çalışacaqlar. Olsun. Bu bir sınaqdır və onları yaxşı tanımaqda fayda var”.

Musavat.com xəbər verir ki, bunu tanınmış müğənni, bəstəkar Murad Arif deyib.

O, sosial media paylaşımında yazıb:

“Hə, biz azərbaycanlılar türkiyəliləri onların bizi sevdiyindən bir az çox sevirik. Hə, onların müğənnilərinə, artistlərinə, kinosuna aşırı və çox zaman yersiz düşkünlüyümüz var. Çox vaxt özümüzdən çox onları baş tacı edirik. Qarşı tərəfin mediasında və xalqında isə bizə eyni münasibəti görmürük. Bu, belədir. Amma aramızda daha prinsipial, çox özəl bağlar var ki, onlar heç vaxt qırılmayacaq, qırıla da bilməz. Odur ki, bizim üzərimizə düşən vəzifə (xalq olaraq, şərhçi olaraq) aqressiyanı, sitəmi, incikliyi böyütməməkdir. Xırda çalxalanmalara rəğmən, biz yenə də bir millət, iki dövlət olaraq qalmalıyıq. Amma “Bir millət, bir dövlət” havasına girməmək şərtilə! Hər ölkənin öz qaydaları, ehtiyatı, öz qonşuları, sərhədləri, öz səbəbləri və çözüm üsulları var. Bunu anlayaraq davranan hər kəs adil və ağıllıdır. Türklər qardaşdır!”