📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bir millət, iki dövlət” prinsipini özündə birləşdirən Türkiyə-Azərbaycan QARDAŞLIĞI - TARİXİ FAKTLAR

2021-08-06 21:24:00

“Bir millət, iki dövlət” prinsipini özündə birləşdirən Türkiyə-Azərbaycan QARDAŞLIĞI - TARİXİ FAKTLAR

Prezident İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək qardaş ölkəni cənginə alan güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verdi. Prezident bununla qardaş Türkiyənin yanında olduğumuzu bir daha nümayiş etdirdi.

Tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev Konkret.az-a açıqlamasında bildirib ki, bu telefon zəngi Türk xalqının üzləşdiyi fəlakət zamanı Azərbaycan dövlətinin və cəmiyyətinin qardaş ölkənin yanında olduğunu bir daha sübuta yetirir: “Hesab edirəm ki, bütün bunlar Türkiyə və Azərbaycan xalqının qardaşlığına söykənən və uzun tarixi dövrü əhatə edən prosesin davamıdır. Biz tarixdən xatırlayırıq ki, Azərbaycan Demokratik cümhuriyyəti yaranarkən qardaş ölkə (Osmanlı imperiyası dövründə) öz dəstəyini nümayiş etdirmişdi. Məhz 1918-ci ildə Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun bölgəyə gəlişi ilə Azərbaycan xalqının və dövlətinin mövcudluğu qorunub saxlanıldı. Azərbaycan dövləti daşnaq-bolşevik ünsürlərindən təmizləndi. Eyni zamanda 1915-1916-cı illəri əhatə edən Çanaqqala döyüşündə azərbaycanlıların verdiyi dəstək fonunda bu qardaşlığın şahidi olduq. Bundan başqa Azərbaycan müstəqillik qazandıqdan sonra Ermənistanın təcavüzünə məruz qalması fonunda biz Türk dövləti və xalqından böyük dəstək gördük. Xüsusən 2020-ci ilin sonlarında başlayan Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyənin və onun lideri Rəcəb Tayyib Ərdoğanın verdiyi siyasi-mənəvi dəstəyi heç zaman unutmaq mümkün deyil. Məhz bu dəstək sayəsində dünyanın aparıcı dövlətləri ya bitərəf qalmağa, ya da Azərbaycanın yanında yer almağa məcbur oldu”.

Anar Əliyevin sözlərinə görə, bütün bunlar Ali Baş Komandanın rəhbərliyi altında başladılan haqq mübarizəmizdə uğur qazanmağımız üçün zəmin oldu: “İndiki halda da Azərbaycan dövlətinin yanğınla mübarizədə Türkiyəyə göstərdiyi dəstək həmin tarixi qardaşlıq münasibətlərinin növbəti mərhələsidir.
Eyni zamanda, Azərbaycan Prezidenti telefon danışığı zamanı digər bir çox mühüm məqamlara da toxunub. Belə ki, Qafqazda böyük söz sahibinə çevrilən Türkiyə dövlətinin rəhbərinə xüsusilə post-münaqişə dövründə regionda baş verən proseslər haqda ətraflı məlumat verilib. Telefon danışığı zamanı həm də Ermənistan-Azərbaycan sərhədində düşmən ölkə tərəfindən intensiv şəkildə törədilən təxribatlara və atəşkəsin pozulması hallarına münasibət bildirilib. Bir daha haqq mübarizəmizdə Türkiyənin Azərbaycanın yanında olduğu açıqlanıb. Bütün bunlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə “bir millət, iki dövlətdir”. Bu qardaşlıq münasibəti Şuşa Bəyannaməsi ilə bir daha öz rəsmi təsdiqini tapıb və möhkəmlənib”.

Müşviq Tofiqoğlu

KONKRET.az