📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bir neçə gündən sonra Xankəndidə ÜÇRƏNGLİ BAYRAĞIMIZ DALĞALANACAQ

2023-09-26 10:57:06

Bir neçə gündən sonra Xankəndidə ÜÇRƏNGLİ BAYRAĞIMIZ DALĞALANACAQ

Məhəmməd Əsədullazadə: "Qarabağda qalacaq ermənilərin bir neçə il sonra Azərbaycanın mühüm əhəmiyyətli qurumlarında çalışmaları, eyni zamanda orduda xidmət keçmələri ciddi faciəyə səbəb ola bilər"

Kənan Novruzov: "Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin dəqiq gedişləri ilə regiona sabitlik gəlir, sülh prosesi faktiki olaraq yetişir və günbəgün yaxınlaşır"

Nurlan Qələndərli: "Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmədi, vaxtında və məqamında müvafiq addım atdı və hədəfə nail olduq"

Xaqani Cəfərli: "Azərbaycanın antiterror tədbirləri və onun nəticələrindən Paşinyan hökumətindən və bütövlükdə Ermənistandan daha çox molla rejimi narahat olub"

Ötən gün qardaş Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana birgünlük işgüzar səfər edib. Prezidentlərin görüşü zamanı Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müzakirə olunub, regional və qlobal problemlər, əsasən də Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Oktyabrın 5-də isə İspaniyanın Qranada şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bundan öncə, daha dəqiq desək, sentyabrın 26-da isə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iki ölkə liderləri arasında danışıqlara hazırlıq məqsədilə Brüsseldə görüş keçirəcəklər.

Bu arada, siyasi ekspertlərin bir qismi hesab edir ki, əgər Nikol Paşinyan hazırda Ermənistanda baş qaldıran etirazları dəf edə, Rusiyanın təzyiqlərinə tam gətirib iqtidarda qala bilsə, o zaman İrəvan Bakı ilə sülh danışıqlarına başlaya və konkret nəticə əldə oluna bilər. Əslində, bu gün Ermənistanın rəsmi şəxsləri də məhz bu qənaətdədirlər. Məsələn, axar.az-da yer alan informasiyada deyilir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan İlham Əliyevlə Nikol Paşinyanın Qranada görüşündə irəliləmək, tarixi fürsətdən istifadə etmək niyyətində olduqlarını vurğulayıb: "Biz çox yaxınıq və sülh müqaviləsi imzalamaq üçün tarixi imkanımız var. Bu yolların açılması bizim üçün prioritet məsələdir, Ermənistan avtomobil və hətta dəmir yolu təqdim etməyə açıqdır. Biz həqiqətən də Qranadada irəliləmək, bu tarixi fürsətdən istifadə etmək istərdik. Əbədi müharibənin heç kimə faydası yoxdur".

"Ermənilərə qəti şəkildə hər hansı bir "Xorvat modeli" və digər siyasi modellər tətbiq etmək olmaz, onlar bizə qarşı etdikləri cinayətlərə görə Qarabağdan könüllü getməlidirlər "

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bir neçə gündən sonra Xankəndidə üçrəngli bayrağımız dalğalanacaq: "Hesab edirəm ki, Qarabağda yaşayan ermənilərin sosial rifahının yaxşılaşdırılmasını və burada iqtisadi layihələri o zaman mütəşəkkil şəkildə qurmaq olardı ki, məsələ danışıqlarla həll edilərdi. Məsələni hərbi əməliyyatlarla, güc tətbiqi ilə əldə etmişiksə, ermənilərə heç bir müstəsna hüquq və xüsusi diqqət olmayacaq. Onların bizə gücü çatmadı, əgər çatsaydı, onda vəziyyət fərqli olacaqdı. Biz güclü ordu yaradaraq işğala və separatizmə son verdik. Fikrimcə, bir neçə gündən sonra Xankəndidə üçrəngli bayrağımız dalğalanacaq. Ermənilərə qəti şəkildə hər hansı bir "Xorvat modeli" və digər siyasi modellər tətbiq etmək olmaz. Bunlar yalnız danışıqlarla, sülhlə ola bilərdi. Biz qan töküb bu qələbəni əldə etmişik. Əslində, ermənilər bizə qarşı etdikləri cinayətlərə görə Qarabağdan könüllü getməlidirlər".

"Ermənilər ardarda törətdikləri cinayətlərlə, separat fəaliyyətləri ilə özlərini Qarabağda yaşamaq hüququndan məhrum etdilər"

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, Qarabağda qalacaq ermənilərin bir neçə il sonra Azərbaycanın mühüm əhəmiyyətli qurumlarında çalışmaları, eyni zamanda orduda xidmət keçmələri ciddi faciəyə səbəb ola bilər: "Bildiyiniz kimi, SSRİ vaxtında onlar strateji önəmli orqanlarda müxtəlif vəzifələrdə olublar. Lakin bu dəfə bu səhvə yol vermək olmaz. Bunu heç düşünmək də istəmirəm. 1920-ci ildən Azərbaycanda mühüm dövlət postlarında Qarabağ erməniləri olub və xalqımıza qarşı silsilə cinayətlər həyata keçirilib. Qarabağ erməniləri üçün dəhliz var, lakin Rusiya sülhməramlı qüvvələri onları getməyə qoymur. Hesab edirəm ki, Azərbaycan onların Ermənistana yola salınmasını təşkil etməlidir. Reinteqrasiya prosesi onda ola bilərdi ki, bütün məsələlər Azərbaycanla danışıqlarla həll olunardı. Lakin ermənilər ardarda törətdikləri cinayətlərlə, separat fəaliyyətləri ilə özlərini Qarabağda yaşamaq hüququndan məhrum etdilər".

"Kreml Qərbin tədricən regiona gəldiyini anlayır və buna görə də Moskva regional sabitliyin bərpa olunması naminə Cənubi Qafqazdakı mövqelərini qorumaq istəyir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfərinə toxunan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bildirib ki, bir sutkalıq antiterror tədbirlərindən sonra Türkiyə ilə Azərbaycan arasında yüksək səviyyəli təmaslar gözlənilən idi: "Çünki həmin hadisə nəticəsində regionda yeni reallıqlar yarandı, bölgədə daşlar yerinə oturdu. Söhbət antiterror tədbirlərinin təkcə hərbi yox, həm də siyasi nəticəsindən gedir. Qarabağdakı xunta rejiminin təslim olması və erməni icmasının təmsilçilərinin Yevlaxa gəlməsi rəsmi Bakının növbəti diplomatik uğuru idi. Nəzərə almaq lazımdır ki, qarşı tərəf bir vaxtlar bizim bu təklifimizdən imtina edirdi".

Ekspertin qənaətincə, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin müzakirə etdikləri əsas məsələlər bundan sonra atılacaq addımlarla bağlı olub: "Məlum olduğu kimi, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması təkcə regional məsələ deyil. Burada ancaq Ermənistan hərbi-siyasi hakimiyətindən asılı məqamlar da deyil. Zaman- zaman İrəvandan istifadə edərək özlərinin Cənubi Qafqazla bağlı maraqlarını həyata keçirən Rusiya, İran və Qərbi də razı salmaq lazımdır. Və bu məsələdə Türkiyənin müstəsna rolu var. Ümumiyyətlə, iki qardaş ölkə hazırda regionda "suların durulması" üçün koordinasiyalı davranır. Çünki regional əməkdaşlıq idealı ilə bağlı rəsmi Bakı ilə Ankaranın mövqeləri üst-üstə düşür. Hər iki dövlət başçısı bilir ki, regional maraqlarımızın təmin olunması üçün əlverişli şərait yaranıb. Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi, Moskva-İrəvan münasibətlərinin sürətlə gərginləşməsi "əlimizi gücləndirir". Yeri gəlmişkən, qeyd etməliyik ki, Moskvanın son proseslərə loyal yanaşmasının yeganə səbəbi heç də İrəvanla baş verən gərginlik deyil. Doğrudur, bu məqam da proseslərə təsir etdi. Amma əsas məsələ odur ki, Rusiya Qərbin tədricən regiona gəldiyini anlayır. Bu, şimal qonşumuzun maraqlarına uyğun gəlmir. Ona görə də Moskva regional sabitliyin bərpa olunması naminə Cənubi Qafqazdakı mövqelərini qorumaq istəyir".

"Ehtimal etmək olar ki, bundan sonra Azərbaycan - Türkiyə - Rusiya üçbucağında əməkdaşlıq daha da artacaq və bu, Qərbin regiona girməsinin qarşısının alınması üçün vacibdir"

Kənan Novruzov qeyd edib ki, son vaxtlar Rusiya rəsmilərinin, o cümlədən prezident Vladimir Putinin səsləndirdiyi fikirlər, həmçinin Ankara-Moskva xəttindəki fəallıq belə düşünməyə əsas verir: "Ehtimal etmək olar ki, bundan sonra Azərbaycan - Türkiyə - Rusiya üçbucağında əməkdaşlıq daha da artacaq. Bu, Qərbin regiona girməsinin qarşısının alınması üçün vacibdir. Hazırda baş verən hadisələr kontekstində Naxçıvan görüşü olduqca mühümdür. Ərdoğanın Naxçıvana getməsi isə xüsusi diqqət keçir. Niyə Bakı yox, məhz Naxçıvan? Bu, həm də siyasi mesaj kimi qiymətləndirilə bilər. Mümkündür ki, bundan sonrakı addım Zəngəzur dəhlizinin açılması olacaq. Bu, sülh müqaviləsini bir az da yaxınlaşdıracaq. Beləliklə, mahir siyasətçilər - Əliyevlə Ərdoğanın dəqiq gedişləri ilə regiona, nəhayət, sabitlik gəlir, sülh prosesi faktiki olaraq yetişir və günbəgün yaxınlaşır".

"Azərbaycan nə tələsdi, nə gecikdi, hər şey vaxtında edildi, odur ki, artıq Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur!"

Politoloq Nurlan Qələndərli isə hesab edir ki, postsovet məkanında separatizmin zərərsizləşdirildiyi, başının əzildiyi, belinin qırıldığı ilk geostrateji ərazi məhz Azərbaycan oldu: "Məlumunuzdur ki, postsovet məkanında separatizmin əsası məhz Qarabağ problemi ilə qoyulub. Daha sonra "domino effekti" ilə yayılan və kənardan idarə olunan mərkəzdanqaçma prosesi siyasi idarəetmə formasından, sosial-iqtisadi inkişaf səviyyəsindən, ərazisi və əhalisindən asılı olmayaraq bir çox ölkəni ağuşuna aldı, xalqlara, dövlətlərə ciddi zərbə vurdu. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, postsovet məkanında separatizmin zərərsizləşdirildiyi, başının əzildiyi, belinin qırıldığı ilk geostrateji məkan da məhz Azərbaycan oldu. Şanlı qələbədən bir müddət sonra Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, ardınca əzəli və əbədi Qarabağımızda lokal antiterror tədbirlərinin həyata keçirilməsi ilə geniş geosiyasi arealda - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Təbii ki, Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji potensialı, demoqrafik və geosiyasi resursları var. Amma mürəkkəb beynəlxalq vəziyyətdə, olduqca çətin şərtlər və şərait fonunda haqq işini qələbə ilə yekunlaşdıran, separatizm kimi "geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı"nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm kimi bütöv sağlamlığını təmin edən məhz Azərbaycandır. Bu isə sırf lider amili, yaxud liderlik fenomeni ilə əlaqədardır".

Politoloqun fikrincə, dünya azərbaycanlılarının lideri - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda - vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq - əsasında müəyyənləşdirməsi sayəsində bu reallığı yarada, uğura çata, zirvəni qət edə bildik: "Cənab İlham Əliyev müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi vaxtı düzgün seçdi. Azərbaycan nə tələsdi, nə gecikdi, hər şey vaxtında edildi. Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, İlham Əliyev heç vaxt avantüraya getmədi, vaxtında və məqamında müvafiq addım atdı və hədəfə nail olduq! Odur ki, artıq Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur!"

"İndi bütün postsovet məkanında olduğu kimi Cənubi Qafqazda da Rusiyanın təsiri azalır, bu, isə o deməkdir ki, İranın da təsiri azalacaq"

Politoloq Xaqani Cəfərli isə bu qənaətdədir ki, İran rəsmilərinin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri və onun nəticələri ilə bağlı reaksiyası belə fikir yaradır ki, son hadisədən Nikol Paşinyan hökumətindən və bütövlükdə Ermənistandan daha çox molla rejimi narahat olub: "Sentyabrın 19-dan başlayaraq Tehran rəsmilərinin səsləndirdiyi İranın qırmızı xətti ilə bağlı təhdidlər, Fransa ilə hansısa addımlar atmaq cəhdi molla rejiminin narahatlığını göstərir. Vəziyyət o həddə çatıb ki, İran prezidenti İbrahim Rəisi ermənilərin hüquqlarına hörmət edilməsi haqqında sərt bəyanatla çıxış edir, İran Silahlı Qüvvələrinin bölgənin geosiyasətində baş verəcək istənilən dəyişikliyin qarşısını ala biləcəyi ilə bağlı təhdid səsləndirir. Molla rejiminin bu əsəbi narahatlığını İranın Cənubi Qafqazda təsirlərinin azalması ilə izah etmək yetərli deyil. Tehranda yaxşı bilirlər ki, İranın Cənubi Qafqazdakı rolu 1828-ci ildən sonra Rusiyanın Cənubi Qafqaz siyasətinin bir hissəsi olub. İranın Cənubi Qafqazda təsirlərinin artıb-azalmasını Rusiya müəyyən edib. İndi isə bütün postsovet məkanında olduğu kimi Cənubi Qafqazda da Rusiyanın təsiri azalır. Bu isə o deməkdir ki, İranın da təsiri azalacaq".

"Bölgədə və İran ətrafında baş verən son hadisələrin təhlili, molla rejiminin əsəbi reaksiyası belə qənaət yaradır ki, qarşıdakı 12 ay ərzində İrana qarşı hərbi əməliyyatlar başlaya bilər"

Xaqani Cəfərli qeyd edib ki, İran Cənubi Qafqaz respublikaları üçün heç bir cəhətdən cəlbedici dövlət, güc mərkəzi deyil və Tehranda bunu çox gözəl bilirlər: "Bunu bildikləri halda molla rejiminin son hadisələrə daha əsəbi reaksiya verməsinin başqa səbəbləri olmalıdır. Azərbaycan dövlətinin hər bir uğuru, xüsusi ilə hərb meydanında qələbəsi Güney Azərbaycanda milli özünədərki gücləndirən ən böyük faktordur. Bunu molla rejiminin baş bilənləri çox gözəl bilir və buna görə də Azərbaycanın uğurlarına qarşı çox ağrılı reaksiya verirlər. Son hadisələrə molla rejiminin əsəbi reaksiyasının isə daha dərin səbəbi var. Molla rejimi Qarabağ münaqişəsinin tam həllinindən sonra Tehranın nüvə silahına sahib olmasına yol vermək istəməyən güclərin İrana qarşı hərbi əməliyyatlara başlayacağından qorxur. Buna görə də Qarabağ münaqişəsinin tam həllinə maneə olmağa, bu bölgədə yaşayan ermənilərin hüquq və təhlükəsizliklərini ön plana çəkməyə çalışırdı. Bu hədəfinə nail olmaq üçün isə Rusiyadan əli üzüləndən sonra Fransa ilə işbirliyinə üstünlük verir. Afrikanın ardınca Cənubi Qafqazda da mövqelərini itirən Fransa isə İranın Azərbaycana qarşı birgə fəaliyyət təklifini son şans hesab edərək, molla rejiminin təklifindən iki əlli yapışır. Fransanın İrəvandakı səfiri Olivye Dekotinin İranın Ermənistandakı səfirliyinə gedərək səfir Mehdi Sübhani ilə görüşməsi, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etməsi də bunun göstəricidirir. Bölgədə və İran ətrafında baş verən son hadisələrin təhlili, molla rejiminin əsəbi reaksiyası belə qənaət yaradır ki, qarşıdakı 12 ay ərzində İrana qarşı hərbi əməliyyatlar başlaya bilər".

Vazeh BƏHRAMOĞLU