BİR SEANSA 100 FAİZ NƏTİCƏ VƏDİ... - Psixoloq seçərkən nələri bilməliyik?
Psixoloji xidmətlərə tələbatın artması bu sahədə peşəkar mütəxəssislərə ehtiyacı daha da artırır. Bununla yanaşı, özünü psixoloq kimi təqdim edən şəxslərin təhsili, peşə hazırlığı və etik prinsiplərə əməl etməsi məsələsi də aktuallıq qazanır. Müvafiq ali təhsili və peşə səriştəsi olmayan şəxslərin psixoloji məsləhət verməsi müraciət edən insanların düzgün istiqamətləndirilməsi baxımından müəyyən risklər yarada bilər. Bu baxımdan, psixoloqların fəaliyyətinə qoyulan tələblər və vətəndaşların mütəxəssis seçərkən diqqət etməli olduğu məqamlar ön plana çıxır.
Azərbaycanda psixoloq kimi fəaliyyət göstərmək üçün hansı təhsil və peşə hazırlığı tələbləri olmalıdır? Vətəndaş psixoloq seçərkən onun peşəkarlığını, ixtisasını və etik prinsiplərə əməl etdiyini hansı meyarlar əsasında qiymətləndirə bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında psixoloq Dilruba Həsənova bildirib ki, psixoloqun peşəkarlığı yalnız diplomla ölçülmür.
Ali təhsil düzgün ixtisaslaşmaya yardım edir və bu peşənin əsas şərtlərindən biridir, amma nəzəri bilikləri praktikada tətbiq etmək, psixoloji qiymətləndirmə aparmaq, elmi əsaslandırılmış metodlardan istifadə etmək və nəticələri düzgün tətbiq etmək də eyni dərəcədə vacibdir.

Onun sözlərinə görə, psixologiya insan davranışını və psixi prosesləri mürəkkəb hadisələr kimi araşdırır. Ümumiyyətlə, insanlarla çalışmaq göründüyü qədər sadə deyil: "İnsan psixologiyası göründüyündən daha mürəkkəbdir. Buna görə də hər kəsə eyni yanaşmanın tətbiqi və bütün problemlərə universal həll vəd edilməsi elmi baxımdan doğru deyil. Peşəkar psixoloq insanın fərdi xüsusiyyətlərini, həyat şəraitini və ehtiyaclarını nəzərə almalı, öz sərhədlərini bilməlidir. Təbii ki, psixoloqların fəaliyyəti də müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir. Bununla yanaşı, davamlı təhsil, praktiki hazırlıq, superviziya və peşəkar özünüqiymətləndirmə mütəxəssisin inkişafında mühüm rol oynayır. Bütün bunlarla yanaşı psixoloqun özü mütləq şəkildə psixoloji terapiyalarda iştirak etməli öz şəxsiyyəti ilə tanış olmaldır. Bəs, vətəndaş necə seçim etməlidir?
Vətəndaş psixoloq seçərkən ilk növbədə onun təhsilinə, ixtisasına, hansı yaş qrupları və problemlərlə işlədiyinə, istifadə etdiyi metodlar üzrə hazırlığına diqqət yetirməlidir".
Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə tanınmaq, çoxsaylı izləyicilərə sahib olmaq və ya çoxlu sertifikat təqdim etmək peşəkarlığın avtomatik göstəricisi deyil: "Reklam bu günkü təlabatlardan biridir və insanlar bu üsullarla seçim etməyə üstünlük verirlər. Bunun da psixoloji səbəbləri var. Amma yenə də diqqətli olmaq lazımdır. Nəinki psixoloq seçərkən istənilən seçimdə sosial mediada ehtiyatlı olmaq vacibdir deyə düşünürəm. Digər mühüm şeylərdən biri mütəxəssisin etik davranışıdır. Psixoloq məxfiliyi qorumalı, məlumatlandırılmış razılığa hörmət etməli, insanın ləyaqətini müdafiə etməli və ehtiyac yarandıqda onu uyğun ixtisaslı mütəxəssisə yönləndirməlidir. Qorxu yaratmaq, əsassız vədlər vermək, (məsələn, 1 seansa 100% nəticə) kimi fikirləri absurd hesab edirəm. Bundan başqa müraciət edən şəxsi özündən asılı vəziyyətə salmaq və şəxsi məlumatları icazəsiz paylaşmaq peşə etikası deyil".
D.Həsənovanın fikrincə, psixoloqun həqiqi peşəkarlığı elmi biliklərin, praktik bacarıqların və etik məsuliyyətin vəhdətində formalaşır: "Psixoloji yardımın məqsədi insanı mütəxəssisdən asılı etmək deyil, onun özünü daha yaxşı anlamasına, daxili resurslarını kəşf etməsinə və daha şüurlu qərarlar verməsinə dəstək olmaqdır. Cəmiyyətin psixoloji savadlılığının artırılması və peşəkar fəaliyyətə dair tələblərə əməl olunması həm xidmətlərin keyfiyyəti, həm də insanların hüquqlarının qorunması baxımından vacibdir".