Bir tərəfdə Avropa, bir tərəfdə Qarabağ: Qaz ehtiyatı tələbatı ödəyəcək? - NƏ ETMƏLİ?
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Layihə ilə bağlı bir sıra məsələlərə toxunan ölkə başçısı qeyd edib ki, biz gələcəyə baxmalıyıq, çünki əlavə qaz mənbəyinə tələbat artmaqdadır:
“Yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. İlk növbədə, əhalinin sayının artması ilə əlaqədar bizim daxili tələbatımız da artır. Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Əlbəttə ki, bizim öz tələbatımızı qarşılamaq üçün daha çox qaza ehtiyacımız var. Həmçinin ümidvaram ki, 2020-ci ildə Vətən müharibəsi ərzində işğaldan azad edilən ərazilərimizi qazlaşdırmaq üçün çox tezliklə bizim əlavə həcmdə qaza ehtiyacımız olacaq. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Bütün infrastruktur dağıdılıb. Bu ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərimizi geri qaytarmağı planlaşdırırıq. Ona görə də, bizim öz istehlakımız üçün əlavə qaza ehtiyacımız olacaq”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Avropa İttifaqının enerji təminatının şaxələndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda Cənub Qaz Dəhlizinin önəmini vurğuladı. Avropanın qazla təminatının genişləndirilməsi və Qarabağın da qazlaşdırılmasından sonra ölkəmizdə əlavə qaz ehtiyatına ehtiyac var.
Mövcud qaz ehtiyatları tələbatı ödəyə biləcəkmi? Neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev Cebhe.info-ya bildirib ki, Azərbaycanın mövcud qaz ehtiyatları həm daxili tələbatı, həm də xaric öhdəliklərimizi vaxtında yerinə yetirməyə imkan verir:
““Şahdəniz” qaz-kondensat yatağının layihəsi çərçivəsində hasil olunan qaz ötən ilin yanvar ayından başlayaraq kəmərin Avropa ayağı olan Trans-Adriatik boru kəməri vasitəsiə İtaliya, Bolqarıstan və Yunanıstan bazarlarına daxil olub. Cənub Qaz Dəhlizinin sənaye istismarına verilməsindən sonra 2012-ci ildə bu dəhliz vasitəsilə qaz tədarükü ilə bağlı müqavilə öhdəliklərinə yüz faiz əməl edilib. Hətta ötən il İtaliyaya həm uzunmüddətli müqavilə çərçivəsində, həm də İtaliyada daxili tələbatın ödənilməsi ilə bağlı biz spot indekslər vasitəsilə təbii qaz tədarükünü həyata keçirdik”.
Ekspert deyib ki, Azərbaycanın daxili tələbatı ildən-ilə artır:
“Məsələn, 2021-ci ildə ölkənin ümumilikdə təbii qaza olan tələbatı 12,5 milyard kubmetr olub. Buraya həm əhali, həm kommersiya, həm də bütövlükdə sənaye sektoru daxildir. Çünki təbii qazın potensial istifadə istehlakçısı bir tərəfdən “Azərenerji” aktivində olan istilik elektrik stansiayaları, eləcə də SOCAR aktivində olan Karbamid, Metanol zavodudur. Birlikdə SOCAR-ın hər iki zavodunun illik qaz istehlakı 1 milyard kubmetrdən yuxarıdır. Ona görə də qarşıdakı illərdə də qaza olan daxili tələbat arta bilər. Çünki yeni-yeni yaşayış masssivlərinin salınması, onların qazlaşdırılması, yeni qaz paylayıcı şəbəkələrin formalşdırılması əlavə qaz həcmi tələb edir. Qarabağda da “Böyük qayıdış” başladıqda o bölgədə də təbii qaza olan tələbat indiki tələbatdan artıq olacaq. Çünki bu sahədə də “Azəriqaz” müəyyən işlər aparır, ərazinin relyefi nəzərdən keçirilir, iqtisadi sənədlər hazırlanır. Ancaq buna müəyyən zaman lazımdır. Azərbaycanda “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi ilə paralel bizim digər yataqlar da var. “Şəfəq-Asiman”, “Abşeron”, “Zümrüd-Babək” yatağı var ki, onların da işlənməsi müxtəlif mərhələlərdə 2022 və növbəti 2023, 2025-ci ilə kimi Azərbaycanda təbii qaz hasilatında dinamika müşahidə olunacaq. Bunun vasitəsilə biz həm Avropadakı müştərilərin, o cümlədən İtaliya, Yunanıstan, Bolqarıstan, Türkiyə, həmçinin Gürcüstanın qaza olan tələbatını da ödəyəcəyik”.
Digər perspektivlər də var: “Çünki Cənub Qaz Dəhlizi ilə bağlı son məşvərət toplantısında onun Qərbi Balkanlara doğru genişləndirilməsi məsələsi də gündəmə gəldi. İndiki toplantının əvvəlkilərdən bir fərqi var idi ki, bu toplantı Avropada, ümumiyyətlə, dünyada qaz böhranının yaşandığı bir dövrə təsadüf edir. VIII toplantıda həm Balkan, həm də Şərqi Avropa, həm də Mərkəzi Avropa ölkələrindən nümayəndələr gəlmişdilər. O cümlədən, Serbiya, Montenoqro, Bosniya-Hersoqovina, Makedoniya, Rumıniya, Özbəkistan, Macarıstan, Moldova və digər ölkələr də dəhlizə yaxın ərazilərdə ölkələrdir ki, Cənub Qaz Dəhlizindən lazımi tədarük həcmləri əldə edə bilərlər. Digər bir məqam isə odur ki, 2040-cı ilə kimi Avropa Komissiyası öz ölkərinin atom elektrik stansiyalarını tikilməsinə icazə verəcək və maliyyələşməsinə də dəstək olacaq. Təbii qazla işləyən elektrik stansiyalarını fəaliyyətinə bir məhdudiyyət qoyulmayacaq və bu sahəyə də lazımi investisiyaları yönəldəcəklər. Avropa Komissyasının qəbul etdiyi hər iki qərar Cənub Qaz Dəhlizinin Qərbin Balkanlar istiqamətində genişlənməsinə imkanlar yaradacaq. Bizdə ildən-ilə qaz hasilatında artım müşahidə olunur. 2021-ci ildə 18,2 milyard kubmetr qaz ixrac edirdik. Bu ildə ixracda artımlar müşahidə olunacaq. Cənub Qaz Dəhlizinin genişlənməsi liberal qaz bazarının formalaşmasına imkan verəcək. Eyni zamanda, Avropanın götürdüyü yaşıl enerji azkorbonlu iqtisadiyyatın inkişafına təkan verəcək. Avropanın bazarlarında Azərbaycan qaz həcmləri nə qədər çox daxil olarsa, o ölkələrdə daş kömürdən istehlakda faiz həcmləri aşağı düşəcək. Bu da Avropanın götürdüyü yeni iqlim hədəflərinə impuls verəcək”. \\DİA.AZ