Biri yetimə əl tutur, biri də milyonlarla aradan çıxır
Gözümüzün qabağında gəzə-gəzə bizlərə harın həyat tərzləri ilə acıq verən mənhus bandanın arzusu da, diləyi də hamıya bəllidir...
“Allahsızlar ittifaqı”nın repressiyası tüğyan edən illərdə belə, bizim din xadimləri indiki təzyiqə məruz qalmamışdılar
Dədə-babasının da yuxuda görmədiyi güzəranı yaşayan “ideoloqun” “YAP sabahın partiyasıdır” deməsi məndə sarkazm dolu gülüş oyadır. Beləsinə demək istəyirəm ki, əzizim, YAP heç bu günün də partiyası deyil. Onu Prezidentin nüfuzu ayaqda saxlayır
Otuz il bundan əqdəm vətənimizin üzərində hürriyyət mehi əsən kimi pinəçi dükanından tutmuş, vəzifəli məmurların kabinetlərinə qədər hər yerdə M.Ə.Rəsulzadənin, H.Z.Tağıyevin şəkilləri asıldı.
Kommunist irticasının əsarətindən qurtulmuş rəiyyət düşünürdü ki, bundan sonra bizim məmurlar M.Ə.Rəsulzadəni və onun silahdaşlarını özləri üçün örnək götürərək müstəqil dövlətə canlarını fəda edəcək, hər əzaba qatlaşacaqlar. Puritan həyat tərzi ilə gənc nəslə qeyrət dərsi verəcəklər. Yəni baxın, imkanımız olsa da eyş-işrət qurmuruq, nə qədər ki, Xocalının qisası alınmayıb, biz nə villa tikəcəyik, nə fahişələrimizə maşın bağışlayacağıq, nə milyonlar yığacağıq, amma Rusiyada gizlənmiş müsəlman qatillərini bir-bir cəhənnəmə vasil edəcəyik.
...Özlərini H.Z.Tağıyevə oxşatmaq istəyənlər də seçki məzhəkələri zamanı başladılar qaçqınlara ərzaq bağlamaları paylamağa. Neçəsi bu yolla “seçildi”, sonra gedib Milli Məclisdə oturan kimi bütün avam camaata tüpürdülər.
...Türk oğlu, tanınmış alim Nobel mükafatına layiq görülür. Gözünə döndüyüm bütün mükafatı, 350 min dolları xaricdə təhsil alan türk balalarına verir. Sonra Azərbaycana gəlir, hər iki valideynini itirmiş qızcığazın adına bankda hesab açır. Əsl müsəlman kimi burada ürəkdən “Sübhanəkə!” demək yerinə düşür! Əziz Səncər bu nəcib əməli ilə sübut etdi ki, bu torpaq əsl kişilərdən xali deyil, rəhmətlik H.Z. Tağıyevin ruhu bizimlədir.
Bizə baş ucalığı gətirən böyük alimin bir arzusu da varmış, azad edilmiş Şuşada məsciddə namaz qılmaq! Kişinin bu arzusu da ürəyində qalmayıb!
...İndiki iqtidarın sayəsində milyonlar qazanmış, ürəkləri istədikləri səfalı yerlərdə imarətlər ucaltmış YAP-ın hansı knyazı bir yetimin başına əl çəkib? Hansı bir milyonçumuz, filan şəhidin balalarının təhsili mənim boynuma, deyib. Olmayıb belə şeylər, olmayacaq da! Çünki sərçeşməmiz çoxdan murdarlanıb!
Gözümüzün qabağında gəzə-gəzə bizlərə harın həyat tərzləri ilə acıq verən mənhus bandanın arzusu da, diləyi də hamıya bəllidir. Talamaq, soymaq, ağır itkilər vermiş milləti quru yerdə qoymaq, sonra da məharətlə aradan çıxmaq... Yaltaqlığın, simasızlığın, rüşvətin həyat normasına döndüyü məmləkətdə daha o şərəfsiz qalmayıb ki, aradan çıxmasın.
Düşmən üzərində qələbəmiz, bayram əhvali-ruhiyyəsi, ümumxalq sevinci, bütün bunlar çox ağrıları ovundurdu... Müzəffər Prezidentin uğurlu əməlləri məmləkətin siyasi ab-havasını dəyişməklə fədakar gəncliyin də ərsəyə çatmasında, yeni insanın yetişməsində əsas rol oynadı. Prezidentin əsgərlərlə, zabitlər və veteranlarla görüşlərinə diqqətlə baxın! Bunlar riyadan uzaq, boş, mənasız çərənləmələri dinləmək istəməyən, ürəkləri Vətən eşqi ilə döyünən insanlardır.
Dədə-babasının da yuxuda görmədiyi güzəranı yaşayan “ideoloqun” “YAP sabahın partiyasıdır” deməsi məndə sarkazm dolu gülüş oyadır. Beləsinə demək istəyirəm ki, əzizim, YAP heç bu günün də partiyası deyil. Onu Prezidentin nüfuzu ayaqda saxlayır. Xalqın hal-hazırda müzəffər Prezidentə bəslədiyi hörmət, ona izhar etdiyi məhəbbət YAP-a aid deyil. Bu son illərdə azğınlaşmış məmurlar, şablon ifadələrlə, mənasız sentensiyaları ilə camaatın zəhləsini aparmış siyasət dəllalları hakim partiyanı elə günə salmayıblar ki, camaat ona rəğbət bəsləsin.
Hər cəhətdən iflasa uğramış YAP-ın havayı yeyənləri utanmadan, qızarmadan Müzəffər Prezidentin qazandığı zəfərə şərik çıxırlar. Guya bunlar köhnə fanatik bolşevik komissarları kimi gecə-gündüz əsgərlərin yanında olublar, hər əzaba dözüb, çətin saatlarda irəli atılıb mücahidləri arxalarınca aparıblar. Nə qədər əlləşirəmsə, YAP-ın bir məddahını atəş altında təsəvvür edə bilmirəm.
Dərd bundadır ki, funksionerləri əməlli-başlı sərvət toplamış YAP ölkənin ideoloji təhlükəsizliyi üçün indiyə kimi heç nə etməyib. İdeoloji işi bizim siyasət dilavərləri belə başa düşürlər: orda-burda bərbəzəkli salonlara məmurları cəm edirlər.
Rəyasətdə bir-iki millət vəkili və mahalın ağaları otururlar. Bəzən bir yerli şairi də dəvət edirlər ki, camaatı yuxu tutmasın. Bəsit, qəlbə, ruha heç nə verməyən mədhiyyələr dolu kimi yağır. Natiqlərin birisindən orijinal, forma xatirinə də olsa dəyərli söz eşidilmir. Hər bəqədərü qüvvə Prezidentin hansısa çıxışını “konspektləşdirib” çıxır tribunaya... Daha mabədini yazmıram.
...Keşiş–mason dünyasının vətənimizə qarşı total hücumu başlayanda da YAP vecinə almadı. Başqa ölkələrdən it kimi qovulmuş neçə-neçə missioner təşkilat, sektalar, “icmalar” yaxşıca pul qoyub qeydiyyatdan keçdilər. Qeydiyyat bundan sonra antitürk, antiislam fəaliyyəti aparmaq üçün razılıq demək idi.
Bir-iki nəfər mənim kimi bədbəxt mətbuatda vay-şivən qopartdıq. Yazdıq ki, məğlubiyyətə uğramış ölkədə bizə açıqdan-açığa düşmənçilik edən (və bunu da gizlətmədən!) sektaları evin içinə buraxmaq əsl milli xəyanətdir.
Kimə deyirsən? QMİ–nin rəhbərliyi ilə dini işlərə baxan Komitə arasında müəmmalı cəngi-məğlubə gedirdi. Ölkə daxilində isə insanlar çaş-baş qalmışdılar, bilmirdilər kimə qulaq assınlar, kimə inansınlar.
Çox keçmədi ki, Şərqin ən mənfur düşməni “Yəhova şahidləri” adlı sekta Azərbaycanda güclü şəbəkəsini yaratdı. Bu sektanın təbliğatçıları heç kimdən çəkinmədən, qorxmadan hətta evlərə soxulmağa başladılar. YAP-ın bir məddahı dillənmədi...
Yazdıq, özü də bir dəfə yox, YAP-ın rəhbərliyinə başa sala bilmədik ki, bu düşmən sektanı Rusiyadan tutmuş Ermənistana qədər bütün dövlətlərdə qadağan ediblər. YAP-ın rəsmi ideoloqlarına müraciət etdim, a kişilər, uzağa getmək lazım deyil, gəlin Yeni Əhmədliyə, görün düşmənlərimiz nə qədər qız-gəlini yoldan çıxarıblar. Özləri bəcəhənnəm, aldanmış qadınlar bu missioner məclislərinə uşaqları da gətirirlər.
...Pandemiya ilə əlaqədar olaraq missionerlər hələlik izdihamlı toplantılar keçirmirlər. Amma təbliğatçıları işlərindən qalmırlar, harada gəldi adamlara yaxınlaşıb iblisanə danışıqlar aparırlar. Çox məxfi tərzdə iş görən satanistlər barədə məlumatlar var.
Paradoksal vəziyyət yaranıb. Prezident və hörmətli Mehriban xanımın diqqət və qayğısı sayəsində neçə-neçə məscid təmir olunub. Bəzi ibadət yerlərinə baxmaqdan adam doymur, tərtibata söz ola bilməz.
Bizim rəsmi komitə isə dədə-baba dinimizə, adət-ənənələrimizə qarşı açıqdan-açığa mübarizə aparan, artıq iqtisadiyyatımızın gəlirli sahələrinə soxula bilmiş vəhhabilərə, minlərlə qız-gəlini yoldan çıxara bilmiş “Yəhova şahidlərinə” nədənsə müqavimət göstərmir.
Hüzr yerlərində bizim tam hüquqsuz mollaların, axundların lazımi ayinləri belə icra etmədiklərini görürük. Bunların gözlərinin odunu alıblar!
“Allahsızlar ittifaqı”nın repressiyası tüğyan edən illərdə belə, bizim din xadimləri indiki təzyiqə məruz qalmamışdılar.
Müzəffər Prezidentin azad edilmiş Qarabağın şəhərlərində, məscidlərdə etdiyi çıxışlar hara, komitə məmurlarının dövlətə sadiq din xadimlərini sıxma-boğmaya salmaları hara?
Bunlar kimlərin əmrlərini yerinə yetirirlər?
Firuz HAŞIMOV