📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“BİZ HAZIRIQ!” – Kadırov çeçenləri “Vaqner”lə döyüşə göndərdi

2023-06-24 14:37:00

“BİZ HAZIRIQ!” – Kadırov çeçenləri “Vaqner”lə döyüşə göndərdi

“Baş verənlər Müdafiə Nazirliyinə ultimatum deyil. Bu, dövlətə çağırışdır və bu çağırışa qarşı ümummilli liderin ətrafında birləşmək lazımdır: hərbçilər, təhlükəsizlik qüvvələri, qubernatorlar, mülki əhali”.

Hurriyyet.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov şəxsi “Teleqram” kanalından etdiyi paylaşımda bildirib.

Kadırov çeçen döyüşçülərin artıq münaqişə bölgəsinə yollandığını bildirib:“Müdafiə Nazirliyinin və Rusiya Qvardiyasının Çeçenistan Respublikasındakı döyüşçüləri artıq gərginlik zonalarına yola düşüblər. Arxa cəbhə həmişə sakit və etibarlı olmalıdır. Döyüşçülərə – Vətənimizin vətənpərvərlərinə müraciət edirəm. Təxribatlara aldanmayın. Dövlətin təhlükəsizliyi və belə bir məqamda rus cəmiyyətinin birliyi hər şeydən üstündür! Biz Rusiyanın birliyini və dövlətçiliyini qorumaq üçün hər şeyi edəcəyik! Üsyan yatırılmalıdır! Bu, sərt tədbirlər tələb edirsə, biz hazırıq!”.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

AzPolitika.info