“Biz macarlar istəyirik ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalasınlar” – XİN başçısı
“Ermənistanın ərazi bütövlüyünün birmənalı şəkildə tanınması və iki ölkənin sərhədlərinin delimitasiyası 1991-ci ildə imzalanmış Alma-ata Bəyannaməsi və SSRİ-nin ən son xəritələri əsasında həyata keçirilərsə, regionda sabit sülhə və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmaq mümkündür”.
Hurriyyet.az xəbər verir, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda macar həmkarı Peter Siyarto ilə birgə mətbuat konfransı zamanı deyib.
Mirzoyan qeyd edib ki, bu prinsiplər oktyabrın 5-də Qranadada qəbul edilmiş dördtərəfli bəyanatda öz əksini tapıb və bu məsələdə Ermənistan digər beynəlxalq tərəfdaşların əməli dəstəyinə ümid edir.
Ararat Mirzoyan vurğulayıb ki, regionda davamlı sülh üçün bütün region ölkələrinin öhdəliyi və fəal addımları, maksimalist istəklərdən əl çəkməsi lazımdır.
Qarşılıqlı etimad mühitinin yaradılması üçün nazir Qarabağ əhalisinin hüquqlarının təmin edilməsinin, eləcə də Qarabağda qalan erməni irsinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Macarıstanın xarici işlər və xarici ticarət naziri bildirib ki, Budapeşt öz növbəsində Ermənistan və Azərbaycan arasında münasibətlərin tezliklə normallaşmasının tərəfdarıdır.
“Qafqaz regionu Avropa üçün vacibdir, bir tərəfdən siz Avropanın qonşularısınız, digər tərəfdən isə çox mühüm Avropa probleminin həllində bizə kömək edə bilərsiniz, çünki Avropa uzun müddətdir enerji böhranı ilə üzləşib, onun yeni enerji mənbələrinə ehtiyacı var”, - Siyarto bildirib.
“Buna görə də biz macarlar istəyirik ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalasınlar, bu yaxın onilliklərdə regionda sülh və iqtisadi inkişafı təmin edəcək”, - Macarıstan diplomatiyasının rəhbəri vurğulayıb.
Xatırladaq ki, Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanıb, sənədə əsasən Azərbaycan Avropa İttifaqına ixrac həcmini iki dəfə artırmalıdır.
Ermənistan XİN rəhbəri macar həmkarı ilə Ermənistanın müxtəlif regional layihələrdə iştirakını müzakirə etdiyini bildirib.
“Xüsusən, Ermənistan Qara dənizin dibi ilə keçməsi nəzərdə tutulan elektrik kabelinin çəkilməsi layihəsində iştirak etmək istəyir”, - deyə Ararat Mirzoyan vurğulayıb.
Avropa Komissiyası ötən ilin sonunda 3 GVt gücündə Qara dəniz enerji kabeli layihəsini təsdiqləyib və bunun üçün 2,3 milyon avro ayırıb. O, Azərbaycandan Gürcüstan ərazisi və Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər Aİ ölkələrinə birbaşa sualtı elektrik ötürücü xəttinin yaradılmasını nəzərdə tutur. Lakin Ermənistan Azərbaycandan fərqli olaraq hələlik bu proqramda iştirak etmir.
Budapeştin iştirakçı kimi Ermənistanın layihəyə daxil edilməsinə tərəfdar olub-olmaması ilə bağlı suala Macarıstanın xarici işlər naziri birbaşa “bəli” və ya “yox” cavabını verməsə də, mümkün qədər çox iştirakçının tərəfdarı olduğunu bildirib.
Macarıstanın xarici işlər naziri iki ölkə arasında diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə Ermənistana gəlib.
İrəvan 2012-ci ildə Macarıstanda 2004-cü ildə erməni leytenant Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinən Ramil Səfərovu Azərbaycana ekstradisiya etdikdən sonra Macarıstanla diplomatik əlaqələri kəsib.
Siyarto İrəvanda konsulluq açmaq istədiklərini bildirib. O, həmçinin qeyd edib ki, Macarıstanın “Wizz Air” aviaşirkəti İrəvandan Budapeştə uçuşlar açmaq üçün dəvət olunacaq.
Macarıstan Qarabağdan olan ermənilərə 100 min avrodan çox yardım edəcək. Macarıstanlı nazir onları müalicə etməyə, eləcə də uşaqları uşaq düşərgələrinə qəbul etməyə hazır olduqlarını bildirib.
“AzPolitika.info”