"Biz onu 12-ci imam kimi tanımışıq, müqəddəs kimi qəbul etmişik"
Özünü “12-ci imam” kimi təqdim edib, 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hurriyyet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses başlamamışdan əvvəl zala gətirilən təqsirləndirilən Aqil Babayev zərərçəkmişlər tərəfindən nalayiq ifadələrlə təhqir edilib. Ona qarşı “Sən Mehdi deyilsən, Mixaylosan, Mazellisən” və s. kimi fikirlər səsləndirilib.
Zərərçəkmişlər hətta hakimdən toxum.tv jurnalistinin prosesdən uzaqlaşdırılmasını tələb ediblər. Sədrlik edən hakim jurnalistin prosesdən kənarlaşdırılmasına göstəriş verib.
Daha sonra iş üzrə zərərçəkmiş Samir Cəfərovun dindirilməsi davam etdirilib. Dövlət ittihamçısının və suallarını cavablandıran zərərçəkmiş deyib ki, istintaq dövründə Aqil Babayev ona zəkat barədə danışmamağı tapşırıb: “Yanıma adam göndərib ki, zəkata görə mənim belimi qırarlar, zəkat barəsində danışma”.
S. Cəfərovun sözlərinə görə, təqsirləndirilən şəxs zəkat toplamağı ona tapşırıb: “Aqil özü tapşırmışdı, hər ay aparıb ona verirdim. Biz onu 12-ci imam kimi tanımışıq, müqəddəs kimi qəbul etmişik. Hörmət və qorxu var idi içimizdə. Bu gün üçün anlayırıq ki, çox səhv etmişik”.
Məhkəmə prosesi zamanı o da məlum olub ki, “İmam”a qarşı mifin dağılmasının əsas səbəbi zərərçəkmiş şəxslərin də tanıdığı iki nəfər qadına qarşı əxlaqsız hərəkətlər etməsi olub. Zərərçəkmişlər prosesin qapalı keçiriləcəyi təqdirdə o qadınların adlarını çəkəcəklərini iddia ediblər.
Aqil Babayev zərərçəkmişin dedikləri ilə razılaşmayıb. Hətta onun proses müddəti gülməsi də gözdən qaçmayıb. Bu isə zərərçəkmiş şəxsləri daha da qızışdırıb.
Təqsirləndirilən Aqil Babayev deyib ki, mənzil tikintisi ilə bağlı Samir Cəfərovun şəriki Emil Həsənova borc verib. Onun sözlərinə görə, tikilən binanın 2 və 3-cü mərtəbələrində olan mənzilləri ona verilib: "Zəkat pullarının yığılmasını Samir Cəfərova tapşırmışam. Samir dedi ki, vaxtı yoxdur, bu işdə kömək lazımdır. Mən də Tahirə xanımı təklif etdim. Tahirə də ehtiyacı olanlara pul payladı. İndi burada məndən nə istəyirlər, başa düşmürəm". O, prokurorun suallarını cavablandırarkən deyib ki, Emil Həsənovu 2001-ci ildə tanıyıb: "2014-cü ildə Emil Həsənova 240 min dollar borc vermişəm".
Məhkəmə Emin Həsənova da söz verib. 179 min manat ziyana düşdüyü iddia olunan E.Həsənov ifadəsində Aqil Babayevi elmli, din adam kimi tanıdığını, ona imam kimi inandığını deyib: “Dini hədislər söyləyirdi. Deyirdi ki, Allahın cənnətini qazanmaq üçün mənə itaət etməlisiniz. Sözünün üstünə söz deyə bilmirdik. O dəqiqə deyirdi, sizi cəhənnəmə göndərəcəm, onda bilərsiniz. Bizi sanki ovsunlamışdı. Bir sözlə cadulamışdı bizi sanki. Bu insan bizə deyirdi ki, vaxt gələcək zühur edəcəm”.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirdiyini qeyd edən zərərçəkmiş təqsirləndirilən şəxsin onlara söylədiyi hədislərdən də danışıb: “Deyirdi ki, sizi gizlin yığıram bura. Vaxtım çatanda çıxıb zühur eləyib, çox adamın dərisini başına keçirəcəm. Biz də inanırdıq. Son vaxtlar çox haqsızlıqlarını gördüm. Allahdan qorxurdum ki, başımıza daş düşəcək”.
Xatırladaq ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub.
A. Babayev zəkat yığıldığını boynuna alır amma zəkatı özü və ailəsi üçün xərcləmədiyini deyir. Aqil Babayev İttihama görə, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş “12-ci İmam Mehdi” kimi təqdim edib. O, təşkil etdiyi dini məclislərdə guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yarad alçaltdığı da müəyyən edilib.
Aqil Babayev isə zəkatın yığımının təşkilində məhz Samir və Tahire xanımın olduğunu qeyd etdi. Tahirə xanım xanımlar üçün zəkat yığırmış.
Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub. Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Jalə FAMİLQIZI,
Hurriyyet.az