📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Biz öz “almaz tarlamızı” tanıyır və hekayəsini özümüz yazırıq

2026-11-23 17:53:46

Biz öz “almaz tarlamızı” tanıyır və hekayəsini özümüz yazırıq

Bu gün Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında azərbaycançılıq ideologiyası ilə bağlı videoçarx paylaşılıb.

Cəmi 1 dəqiqə 33 saniyəlik bu videoçarxda vətəndaşlarımız azərbaycançılıq ideologiyası ətrafında birləşməyə səslənir.

Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasının azərbaycançılıq olduğunu vurğulayır.

Prezident İlham Əliyev “Bizim ümumxalq ideologiyamız var: azərbaycançılıq məfkurəsi!”- deyə ideoloji suverenliyimizi təhdid edən bütün cinahlara qəti xəbərdarlıq edir.

Mərhum Heydər Əliyevin videoya yerləşdirilmiş bir cümləsini isə emosiyasız izləmək mümkün deyil.

Müasir azərbaycançılıq ideologiyasının memarı alqış edir: “Qoy çırağımız sönməsin!”

Mən ocaq fəlsəfəsi, tonqal fəlsəfəsi, çıraq fəlsəfəsi olan bir insanam. Heydər Əliyevin alqışındakı yaddaşı, kimliyi, dəyərləri və hədəfləri vizual görə bilirəm.

Azərbaycançılığın çırağı İlham Əliyevdir.

Bəli, Heydər Əliyevin müstəqil dövlət quruculuğu prosesində sistemləşdirdiyi azərbaycançılıq məfkurəsi İlham Əliyevin ideoloqluğu ilə ölkəmizin orta güc doktrinasına çevrilir. Dialektik modernləşmə və millətləşmə hərəkatının meydana çıxardığı azərbaycançılıq məfkurəsi 20-ci yüzilin sonlarında məhz Heydər Əliyevin strateji dühası ilə yeni məzmun qazandı. Açıq və birbaşa desək, dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın ideoloji suverenlik konsepsiyasını 1993-cü ilin yayından etibarən ölkəyə yenidən rəhbərlik edən Heydər Əliyev formalaşdırdı. O, dövlətin ayaqda qalması, yenidən qurulması və tərəqqisi üçün ideoloji zərurətlərin bütün ana xəttlərini vahid düşüncə sisteminə çevirdi.

Müasir dünyada milli dövlətlərin qarşısında duran ən ciddi çağırışlardan biri qloballaşma şəraitində öz identikliyini qorumaqdır. İnformasiya texnologiyaları, sosial şəbəkələr, transmilli ideoloji təsirlər və mədəniyyətlərarası rəqabət milli kimlik məsələsini əvvəlkindən daha mürəkkəb edir.

Azərbaycan da bu proseslərdən kənarda deyil.

Azərbaycançılıq bir tərəfdən milli-mənəvi irsin, tarixi yaddaşın qorunmasını, digər tərəfdən rəqabətə davamlı bir toplum quruculuğunu, üçüncü yandan isə, müasir dünyanın elmi, texnoloji və intellektual nailiyyətlərindən bəhrələnməyi, bəşəriyyətə yeni töhfələr verməyi tələb edir.

Yeni dövr azərbaycançılıq ideologiyasının qarşısına daha bir vəzifə qoyur: milli ideyanı süni intellekt, rəqəmsal transformasiya və pozitiv elmi iqtisadiyyatla əlaqələndirmək. Odur ki, azərbaycançılıq vətəndaşlıq fəlsəfəsi, davranış modeli, siyasi konsensus yaradıcısı olduğu qədər də milli potensialmızı gələcəyə daşıyan yolun xəritəsidir.

Biz yenidən transformasiya mərhələsindəyik.

Azərbaycançılıq məfkurəsi tarixən iki böyük vəzifənin öhdəsindən gəlib. Əvvəlcə milli özünüdərki və dövlətçilik ideyasını formalaşdırıb, daha sonra müstəqil dövlətin konstitusion ideoloji əsaslarını yaradıb.

İndi isə qarşımızda üçüncü tarixi vəzifə dayanır.

Suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan müasir dövlət milləti kimi yenidən təşkilatlanmalı, regional güc və intellektual cəmiyyət kimi yeni dünya nizamında aktiv rol oynamalıdır.

Hazırda üç neo-imperial qüvvənin ideoloji təhdid və manipulyasiyalarının hədəfində olan Azərbaycan toplumu gec-tez Türkmənçay müqaviləsinin yaratdığı geopolitik məkandan böyük olduğunun şüuru ilə hərəkət etməlidir və edir.

Herman Konvell Rasselin “Almaz tarlaları” kitabını, ümid edirəm ki, bir çoxunuz dönə-dönə oxumusunuz.

Əsərin qısa ideyası budur ki, insan uzaqlarda sərvət və uğur axtarışına çıxmazdan əvvəl öz ətrafındakı imkanları görməyi bacarmalıdır. Böyük fürsətlər çox vaxt “bərq vuran” yerlərdə deyil, olduğumuz, amma fərqinə varmadığımız məkandadır. İnsan öz potensialını, yaşadığı mühiti və malik olduğu resursları kəşf etməlidir.

“Böyüklük məhdud imkanlarla böyük işlər gerçəkləşdirməklə mümkündür. Böyük olmaq istəyirsinizsə, işə olduğunuz yerdə və mövcud imkanlarınızla başlayın”- belə deyirdi Rassel.

Yan-yörəmizdəki imperial güclər üçün Azərbaycan kiçik, məhdud büdcəsi neftdən asılı, qlobal güc balansında diqqətə alınmayacaq bir ölkədir. Amma unutduqları bir şey var. Biz öz “almaz tarlamızı” tanıyır və hekayəsini özümüz yazırıq.

Azərbaycançılıq - bizim ideoloji almaz tarlamızdır.

Azərbaycançılığın qarşısında dayanan ən ümdə vəzifələrdən biri xarici ideoloji təsir mexanizmlərinin yüz illər ərzində formalaşdırdığı streotipləri tam qırmaq və sıfırlamaqdır.

İran Azərbaycanı öz əlavəsi, Rusiya əyaləti, Türkiyə “kiçik qardaşı” kimi görür. Bunlar təəccüblü deyil. Heç o da təəccüblü deyil ki, müstəqil dövlətimizi adıçəkilən regional qüvvələrin orbitində görmək istəyənlərin və bəzən bu istəklərini həyasızlıqla dilə gətirənlərin hamısının bir ortaq nişangahı var- Azərbaycanlı kimliyi!

“Biz hamımız fəxr edirik ki, azəbaycanlıyıq”- bu yazının qələmə alınmasına vəsilə olan videoçarxda Prezident İlham Əliyev Ulu Öndərə referansla bəyan edir.

Bəs, əziz oxucular, sizə elə gəlmirmi ki, azərbaycanlı kimliyini hədəfə alanlar, əslində bizim məhz bu fəxarətimizi, qürurumuzu, inamımızı əlimizdən almaq istəyirlər?

Diqqət edin, yeni tarixdə həm İran, həm də Osmanlı Rusiyaya hərb meydanında və geopolitik mübarizədə məğlub olub. Həmin yenilginin kompleksini bu gün də dərin bir şəkildə yaşayırlar. Amma Azərbaycan bir əsrdə iki dəfə Rusiyadan müstəqillik qazanıb. Üstəlik, Rusiyanın “bufer zona” kimi yaratdığı və 1990-2020-ci illərdə silahla tam təchiz etdiyi Ermənistanı qarşısında diz çökdürüb.

Nəyin hesabına?

Ən sadə üç səbəbi deyim:

1) Azərbaycanlı kimliyi heç bir identifik asılılığı qəbul etmir!

2) Azərbaycan aydını öz milli varlığını başqalarının tarix, dil və mədəniyyət qəlibində görmür.

3) Azərbaycan dövləti öz gələcəyini başqalarının iradəsinə əsasən qurmur.