📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Biz öz ərazimizdə hərbi əməliyyat keçiririk, dəhliz məsələsi hələ aktual deyil" - Elxan Şahinoğlu

2023-09-20 11:29:32

"İran Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edən açıqlama səsləndirə bilmirsə, daha doğrusu səsləndirmək istəmirsə, hansı məntiqlə münasibətlərin normallaşacağına ümid edir?"

"Azərbaycanın anti-terror əməliyyatına dövlətlərin müsbət və ya mənfi müxtəlif reaksiyaları var. Rusiya, Fransa, Türkiyə və Avropa İttifaqından ard-arda açıqlamalar gəlir, bircə qonşu İrandan səs çıxmır. Tehran neçə vaxtdır bizi Zəngəzur dəhlizi mövzusunda hədələyirdi, ancaq biz öz ərazimizdə hərbi əməliyyat keçiririk, dəhliz məsələsi hələ aktual deyil". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Tehran nə "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik", nə də "döyüşlər dərhal dayandırılmalıdır" açıqlamasını verir: "İran xarici işlər naziri az qala hər həftə azərbaycanlı həmkarına zəng eləyib deyir ki, "gəlin münasibətləri normallaşdıraq". Sən və sənin idarən Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edən açıqlama səsləndirə bilmirsə, daha doğrusu səsləndirmək istəmirsə, hansı məntiqlə münasibətlərin normallaşacağına ümid edir?"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az