“BİZ RƏDD OLUB GEDİRİK..." - "Amerikanın evə qayıtmasının vaxtıdır"
ABŞ-ın İraqdakı 23 illik hərbi iştirakı başa çatıb. Sentyabrın 30-da son ABŞ və koalisiya qüvvələri Ərbil Hava Bazasından çıxarılıb. Bununla ABŞ-ın İraqda İŞİD-ə qarşı apardığı “Inherent Resolve” əməliyyatının ölkə daxilindəki hərbi mərhələsi də tamamlanıb.
Hurriyyet.net xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Milli İspan İrsi Ayı çərçivəsində keçirilən tədbirdə ABŞ qoşunlarının İraqdan çıxarılmasını tarixi hadisə kimi qiymətləndirib.
“Biz İraqdan rədd olub gedirik. Bu gün ABŞ üçün qələbə günüdür” - deyə, o bildirib.
Tramp bildirib ki, ABŞ-ın son hərbçilərinin ölkəni tərk etməsi Vaşinqton üçün yeni mərhələnin başlanğıcıdır: “Son Amerika qüvvələrinin İraqı tərk etdiyini elan etməkdən məmnunam. Çox pis qərarlarla uzun müddət keçdi və bu, bizi əvvəlcə bataqlığa saldı. Bu, uzun illərdir ki, bizim üçün bataqlıq olub. Amma tezliklə tarixin bu fəsli başa çatacaq. Bu, Amerika üçün əla bir gündür”.
ABŞ lideri İraq müharibəsinin 2003-cü ildə Prezident Corc Buşun hakimiyyəti dövründə başladığını xatırladıb. Onun sözlərinə görə, proses sonrakı illərdə Barak Obama və Co Bayden administrasiyaları dövründə də davam edib. “Onların dediyi kimi, əməliyyat 2026-cı ildə Prezident Donald Trampın dövründə başa çatır”.
Tramp ABŞ-ın İraqdan çıxmasını həm İraq, həm də İŞİD-ə qarşı mübarizə baxımından qələbə kimi təqdim edib. O, terror təşkilatının artıq əvvəlki formada mövcud olmadığını bildirib.
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, Ərbil Hava Bazasından qüvvə və hərbi texnikanın nizamlı şəkildə çıxarılması İraqdakı əməliyyatın başa çatmasının son mərhələsi olub. ABŞ qüvvələrinin İraqdan çıxması 2024-cü ildə Vaşinqton və Bağdad arasında əldə edilmiş razılaşma çərçivəsində mərhələli şəkildə həyata keçirilib.
Tramp çıxarılma zamanı ABŞ-a məxsus hərbi texnikanın İraqda saxlanılmaması məsələsinə də xüsusi diqqət çəkib: “Koalisiya qüvvələrinin və avadanlıqlarının Ərbil Hava Bazasından nizamlı şəkildə çıxması çox baha başa gələn bir səyahətin sonudur. Bütün avadanlıqlarımızı götürdük. Dedim ki, bir az daha uzun çəksin, amma hər şeyi götürək. Yadınızdadırsa, bütün avadanlıqları Əfqanıstanda geridə qoyduq”.
O, ABŞ qüvvələrinə ölkədə heç bir avadanlıq saxlamamaq barədə göstəriş verdiyini də vurğulayıb: “Yerdə bir vint varsa, onu da özünüzlə aparın, parçadan hazırlanmış çadır varsa, onu da götürün”.
Tramp İraqda qalmaqla ölkədən çıxmaq arasında seçim etdiyini və nəticədə ABŞ hərbçilərinin evə qayıtması qərarına gəldiyini bildirib: “Qalmaq və ya getmək arasında seçim etməli idim və düşündüm ki, Amerikanın evə qayıtmasının vaxtıdır. İraqın Baş naziri Əli Zeydi əla adamdır. Ümid edirəm ki, o, işləri yaxşı idarə edə bilər”.
ABŞ Prezidenti İraq müharibəsinin ölkəsi üçün böyük insan itkisi ilə nəticələndiyini də qeyd edib: “Biz 23 il İraqda olduq, 4500-dən çox Amerika əsgərini itirdik və 31 mindən çox yaralı var idi”.
ABŞ-ın İraqdan çıxması ilə Vaşinqtonun ölkədəki rolu tamamilə yox olmur. ABŞ və İraq arasında təhlükəsizlik əməkdaşlığının ikitərəfli formatda davam etdirilməsi, o cümlədən təlim və kəşfiyyat sahələrində əməkdaşlığın saxlanılması nəzərdə tutulur. Eyni zamanda, İŞİD-ə qarşı regional missiyanın mərkəzi İordaniyaya keçirilib və ABŞ qüvvələri Suriyada antiterror fəaliyyətini davam etdirəcək.
Beləliklə, 2003-cü ildə başlayan və 2011-ci ildə ABŞ qoşunlarının çıxarılmasından sonra 2014-cü ildə İŞİD-lə mübarizə məqsədilə yenidən başlayan ABŞ hərbi missiyasının İraq mərhələsi başa çatıb. ABŞ qoşunlarının ölkədən son çıxışı regionda Vaşinqtonun hərbi iştirakının yenidən formalaşdırılması baxımından da mühüm hadisə hesab olunur