Biz səni çox sevirik, Nuray!
Bir qız tanıyıram, adı Nuraydır. Ağıllı, istedadlı, əməlləri gözəl, Vətənə sevgisi dərin. Lənkəran rayonu, Yuxarı Nüvədi kənd M.H. Mirzəcanov tam orta məktəbinin 3-cü “a” sinfinin şagirdidir. Doğma Azərbaycana layiqlı övlad olmaq onun ən böyük arzusudur. Belə də olmalıdır. Axı, o, zəfər şəhidi baş leytenant Vüsal Kazımovun qızıdır. Nuray hər dəfə atasının şəkilləri ilə üz-üzə duranda deyir:” Ömrümün nurlu günəşisən, ata. Təkcə mən yox, bütün Azərbaycan adınla fəxr edir.”
Nurayın 9 yaşı tamam oldu. Onun ünvanına gələn təbriklərin sayı bilinmir. Lənkəran Dövlət Universitetinin təbrikində isə deyilir: - Milyonların ürəyində özünə yer edən Vüsal Kazımovun sevimli qızı Nurayın doğum günüdür . İkinci Qarabağ savaşında qəhrəmanlıqla həlak olan şəhidimizin yadıgarının doğum günü sevincinə hamımız şərikik-bütün LDU ailəsi, doğmaları, yaxınları.
Körpə qəlbin ad gününün sevincinə bələnsin, gözündəki, ürəyindəki nisgil yox olsun, həmişə sevinsən, gülsən...
Biz səni çox sevirik Nuray! Ad günün mübarək! Gözündən təbəssüm heç əskilməsin!
Qısa, olduqca şərəfli, zaman-zaman gələcək nəsillərə örnək olacaq bir ömür yaşayan Vüsal Kazımov 1990-cı ildə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində dünyaya göz açıb. İki ali təhsilli Vətən sevdalısı haqq savaşımıza könüllü yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa döyüşlərində əsl qəhrəman kimi hünər göstərərək yağının kabusuna çevrilib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşada canından artıq sevdiyi bütöv Azərbaycan naminə tarix yazaraq şəhidlik zirvəsinə ucalıb. Xalqın qəhrəmanlıq simvolunu adında yaşadan Vüsal Kazımov ölümündən sonra 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallara layiq görülüb. İki qız övladı- Nuray və Aynur Vətənə əmanət qalıb.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


