📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bizdə milli burjuaziyanın olmaması siyasəti dəyərsizləşdirdi" - NATİQ CƏFƏRLİ

2023-02-16 13:04:00

"Milli burjuaziyanın yaranması rəqabətli iqtisadi model olmadan mümkün deyil, rəqabətli iqtisadi modelin təməli isə ədalətli məhkəmə sistemidir, ədalətli məhkəmə sistemi isə azad seçkidən doğur"

"Qardaş Türkiyədə "Tək ürək" yardım kampaniyası çox gözəl, duyğusal təşkil olunmuşdu, vizual olaraq hər şey yaxşı düşünülmüşdü, Türkiyə toplumu birliyini, bərabərliyini, çətinliklərə birgə sinə gəlmək bacarığını bir daha göstərdi. Ümumilikdə, 115 mlrd. lirədən çox vəsait toplandı, təbii ki, bəzi suallar da yarandı. Məsələn, yardımın yarıdan çoxunu dövlət qurumları və şirkətləri etdi ki, bu anlaşılan deyil. Dövlət qurumları və şirkətlərinin əlavə qazancı varsa, bu pul zatən dövlətin büdcəsinə ödənilməlidir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq hesab edir ki, bu səbəbdən də Mərkəzi Bankın, dövlət banklarının, iri dövlət şirkətlərinin vəsait köçürməsini PR etmələri anlaşılan deyil: "Amma Türkiyədə milli burjuaziya, onların etdikləri yardımlar var. Əsas məsələ də budur, həmin şirkərlər (onminlərlə sayda) Türkiyə iqtisadiyyatının dayağıdır, onlar tək belə yardım kampaniyalarında aktiv olmurlar, həm də seçki sürəcinə qatılır, dəyərlərinə və vizionuna inandığı partiyalara maddi yardımlar edirlər, onları dəstəkləyirlər. Yəni, milli burjuaziya əsl sabitliyin, siyasi rəngarəngliyin dayağına çevrilir, siyasəti mədəni reyslər üzərinə oturmasına yardımçı olur".

Natiq Cəfərli əlavə edib ki, bizdə isə milli burjuaziya yoxdur, yaranmadı: "Biznes məmurlaşdı, ya da məmur bizneslə diffuziya əlaqəsinə girdi. Bu isə məmləkətdə siyasəti dəyərsizləşdirdi, ideologiyasızlaşdırdı. Ona görə də bizdə cəmiyyət, toplum sağlam ideoloji maraq qruplarından deyil, müxtəlif ölkələrə azarkeşlik edən çevrələrdən ibarətdir. Bu isə əsl sabitlik üçün təhlükədir, ölkədə siyasətlə məşğul olmağı çətinləşdirən amildir. İdeoloji siyasi qruplar olmayanda önə ya qaba güc - iqtidar, ya da populistlər - bəzi özünə müxalif deyənlər çıxır, hər kəsin, hər kəsimin xoşuna gəlməyə çalışan siyasətçilər yaranır ki, bu da keyfiyyətsiz diskursa səbəb olur. Milli burjuaziyanın yaranması isə rəqabətli iqtisadi model olmadan mümkün deyil. Rəqabətli iqtisadi modelin təməli isə ədalətli məhkəmə sistemidir, ədalətli məhkəmə sistemi isə azad seçkidən doğur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az