📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bizə sadəcə, kommunikasiya xəttindən istifadə hüququ vermək istəyirlər" - ELXAN ŞAHİNOĞLU

2021-12-15 10:00:00

"Əvvəldən bunu faciə kimi qiymətləndirmir, onların bu tələbinin bizə Laçın dəhlizini nəzarətə götürmək hüququ verdiyini söyləyirdim, gecikmək olmaz"

"Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında bu şəkildə paralel aparıb: "Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır". Bir il ərzində yorulmadan Laçın dəhlizinin nəzarətə götürülməsi vacibliyini yazdım, müxtəlif televiziya kanallarında bu fikri səsləndirdim". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq hesab edir ki, əgər Ermənistan Qərbi Zəngəzurda bizə maneəsiz keçid yaratmayacaqsa, biz də Laçında ermənilərin maneəsiz keçidinin qarşısını almalı, sərhədi mütləq şəkildə nəzarətə götürməliyik: "Zəngəzur dəhlizi ləngiyir, Kreml İrəvanla eyni mövqedən çıxış edərək, “Ermənistanın Qərbi Zəngəzurdan keçəcək nəqliyyat vasitələrinə nəzarət etmək hüququ var” prinsipindən geri çəkilmir. Bizə sadəcə, kommunikasiya xəttindən istifadə hüququ vermək istəyirlər. Bu, sərhəddə yoxlama deməkdir. Mən əvvəldən bunu faciə kimi qiymətləndirmir, onların bu tələbinin bizə Laçın dəhlizini nəzarətə götürmək hüququ verdiyini söyləyirdim. Gecikmək olmaz".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az