Blinken Azərbaycan xalqını təbrik etdi
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən təbrikdə deyilir:
"ABŞ adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Biz son 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı ilə bağlı qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdıran Azərbaycanla münasibətlərimizi yüksək qiymətləndiririk. Bu sahələrdə, eləcə də iqlim dəyişikliyi və “yaşıl enerji”yə keçid kimi getdikcə daha vacib olan qlobal problemlər üzrə qarşılıqlı fəaliyyətimizi dərinləşdirmək imkanını da yüksək qiymətləndiririk.
ABŞ Azərbaycanın COP29-a Bakıda ev sahibliyi etməsini alqışlayır. Biz COP-un uğurunu və uşaqlarımız, nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyini təmin etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Əməkdaşlığımız Azərbaycanın demokratik inkişafına və Azərbaycan konstitusiyasına uyğun insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliyimizlə paralel davam edəcək.
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülhün əldə edilməsi istiqamətində görülən işləri alqışlayır və biz bu səyləri dəstəkləməyə, uzun müddətdir davam edən münaqişədən sonra yeni səhifəni açmaq və daha yaxşı gələcək qurmaq üçün hazırıq. Biz əlaqələri gücləndirəcək və bütün regiona iqtisadi fayda verəcək bu məqsədə tam sadiqik.
Azərbaycanın müstəqilliyi şərəfinə bu mühüm bayramda mən Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyirəm".