📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bloomberg”: “Türkmənistan qazı Azərbaycandan Avropaya çıxarıla bilər”

2022-12-09 18:15:00

“Bloomberg”: “Türkmənistan qazı Azərbaycandan  Avropaya çıxarıla bilər”

Hurriyyet.az xəbər verir ki, “Blumberq” (“Bloomberg”) nəşri Türkiyədəki yüksək vəzifəli mənbələrə istinadla ölkə Prezidenti R.T.Ərdoğanın gələn həftə Azərbaycan və Türkmənistandan olan həmkarları İlham Əliyev və Sərdar Berdıməhəmmədov ilə danışıqlar zamanı türkmən qazını Azərbaycandan keçirərək Avropaya çıxarmaq məsələsini müzakirə eləməyə hazırlaşdığını yazıb. Nəşr yazır ki, bu plana görə, Rusiya həmin marşrutdan kənarda qalır.

Söhbət Türkmənistan qazının tankerlərlə Xəzər dənizindən Azərbaycana daşınması, ardından Cənub Qaz Dəhlizi boru kəməri vasitəsi ilə Türkiyəyə, oradan da Avropa boru xətlərinə nəql edilməsindən gedir.

Mənbələrin sözlərinə görə, bu layihənin reallaşması illər ala bilsə də, perspektivdə Avropa bazarı alternativ tədarüklərdə maraqlıdır. Əvvəllər qazın dəniz vasitəsi ilə daşınmasının iqtisadi cəhətdən sərfəliliyi şübhə doğursa da, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra Avropanın  rus qazından imtina eləməyə çalışması bu ideyanın reallaşmasına zəmin yaradır.

Hürr Tərcüman