📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BLOQERIN BAHALI ƏŞYALARI YOXA ÇIXDI... - Müstəntiq istintaq zamanı oğurluq edib?

2026-10-09 19:47:16

BLOQERIN BAHALI ƏŞYALARI YOXA ÇIXDI... - Müstəntiq istintaq zamanı oğurluq edib?

Rusiyada tanınmış bloqer Valeriya Çekalinanın cinayət işini araşdıran müstəntiq özü cinayət məsuliyyətinə cəlb olunub. Buna səbəb istintaq zamanı müsadirə edilmiş milyonlarla rubl dəyərində bahalı saat və zinət əşyalarının yoxa çıxmasıdır.

Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Qəzeitnə xəbərinə görə,  Rusiya İstintaq Komitəsi müstəntiq Nikita Tulupovun həbsini tələb edib. O, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Məlumata görə, 2024-cü ildə “Lerçek” ləqəbi ilə tanınan bloqer Valeriya Çekalinanın evində aparılan axtarış zamanı onlarla bahalı zinət əşyası və saat götürülüb.

Lakin bloqerin vəkillərinin iddiasına əsasən, həmin əşyalar maddi sübut kimi lazımi qaydada rəsmiləşdirilməyib. İstintaq başa çatdıqdan sonra müdafiə tərəfinin əmlakın qaytarılması barədə müraciətləri də dəfələrlə rədd edilib.

Sonradan məlum olub ki, götürülmüş əşyaların siyahısı ilə ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən məlumatlar arasında uyğunsuzluqlar var.

Hazırkı cinayət işi təxminən 14,4 milyon rubl dəyərində “Rolex” saatının və “Bulgari” qolbağının yoxa çıxması ilə bağlıdır.

Bundan əvvəl bloqerin vəkilləri ümumi dəyəri 40 milyon rubldan artıq olan zinət əşyalarının itkin düşdüyünü bildirmişdilər.

Müstəntiq barəsində cinayət işinin başlanmasını Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk da təsdiqləyib.

Qeyd edək ki, Valeriya Çekalina 2026-cı ilin iyulunda vəsaitlərin qanunsuz olaraq xaricə çıxarılması işi üzrə beş il şərti azadlıqdan məhrumetmə cəzasına və 763,5 milyon rubl məbləğində cəriməyə məhkum edilib.

Onun keçmiş həyat yoldaşı Artyom Çekalin isə eyni iş üzrə yeddi il müddətinə azadlıqdan məhrum olunub.