BMT: “24 milyon əfqanın humanitar yardıma ehtiyacı var”
ABŞ banklarındakı 9,5 milyard dollar vəsaiti dondurulan Əfqanıstan yoxsulluqdan əziyyət çəkir
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi Əfqanıstandakı vəziyyətin ağırlığını unutmamağa çağırıb.
Qrandi Əfqanıstan daxilindəki nəhəng humanitar ehtiyac və əfqan qaçqınların xaricdəki ağır vəziyyəti barəsində danışıb.
Əfqanıstanda dördgünlük səfərdən qayıdan Ali komissar deyib: “Bəli, bu gün hamı Ukraynadakı müharibədən narahatdır və bu, düzgündür. Lakin Əfqanıstanda da çox ciddi böhran var”.
Qaçqınlar üzrə Ali komissarın Əfqanıstana səfəri çərçivəsində Qəndəhar şəhərində tibb mərkəzinin və Cəlilabadda qızlar üçün məktəbin açılışı olub. Tibb mərkəzi ilə məktəb Qaçqınlar üzrə Ali Komissarlığın dəstəyi ilə tikilib. Komissarlığın layihələri çərçivəsində 2022-ci ildə 500 min nəfərə qədə əfqana yardım edilib. Onlardan 130 min nəfərinə ilkin ehtiyac məhsulları verilib, yaxud da maliyyə yardımı göstərilib. Komissarlığın köməyi ilə tibb məntəqələri, məktəblər açılıb, su təchizatı sistemləri işə salınıb.
Hazırda Əfqanıstanda 3,4 milyon nəfər daxili köçkün var. Səhiyyə sisteminin üzərinə ağır yük düşüb, xəstəxanalar Kovid və qızılca xəstələri ilə dolub. Bir çox sahələrin işçiləri, o cümlədən, məktəb və səhiyyə ocaqlarının əməkdaşları maaş almırlar. Ərzaq və yanacaq bahalaşır. Milyonlarla əfqan aclıqla üz-üzədir. Artıq bu gün ölkə əhalisinin 95 faizi qida çatışmazlığından əziyyət çəkir. Əfqan uşaqlar aclıqdan əldən düşüblər.
Filippo Qrandi deyib: “Bütövlükdə ölkə daxilində 24 milyon nəfər əfqanın humanitar yardıma ehtiyacı var. Biz donorlara müraciət edərək, artıq mühüm nəticələr verməyə başlayan irimiqyaslı humanitar əməliyyat üçün vəsait ayırmağa çağırırıq”.
Xatırladaq ki, 2021-ci ildə Taliban hakimiyyətə gələndən və ABŞ qoşunları ölkədən çıxarılandan sonra keçmiş Əfqanıstan hökumətinin ABŞ banklarında saxlanılan 9,5 milyard dollar vəsaiti dondurulub.
Hürr Tərcüman