📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT: bir ay ərzində Yəməndə 234 nəfər dinc sakin həlak olub, orta hesabla gündə 7 nəfər həyatını itirir

2022-02-11 16:00:00

BMT: bir ay ərzində Yəməndə 234 nəfər dinc sakin həlak olub, orta hesabla gündə 7 nəfər həyatını itirir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, 2022-ci ilin yanvar ayında Yəməndə 234 nəfər dinc sakin öldürülüb. Bu, son üç il ərzində mülki vətəndaşlar arasında aylıq ən yüksək ölüm göstəricisidir.

Bu barədə məlumat BMT-nin Humanitar Məsələlərin Koordinasiyasi İdarəsinin hesabatında verilib.

BMT-nin açıqlamasında bildirilir ki, davam edən toqquşmalar fonunda Yəməndə vəziyyət pisləşməyə doğru gedir və 2021-ci ilin axırıncı rübündən bu tendensiya davam edir.

Ümumilikdə 2021-ci il ərzində Yəməndə 769 nəfər həlak olub, 1739 nəfər zərər çəkib. Ötən il ərzində bu ölkədə orta hesabla gündə 7 dinc sakin öldürülüb.

Yəməndə 2014-cü ildən bəri bir tərəfdən İran tərəfindən dəstəklənən qiyamçı “Ənsərullah” şiə hərəkatı və devrilmiş Yəmən prezidenti Əli Abdulla Salehin tərəfdarları, digər tərəfdən isə Səudiyyə Ərəbistanının rəhbərlik elədiyi koalisiyanın dəstəklədiyi prezident Əbdülrəbb Mənsur Hadiyə tabe olan hökumət qüvvələri arasında silahlı münaqişə davam edir.

Daxili müharibə ölkədə kütləvi aclığa səbəb olub. BMT-nin hesabatına görə, müharibə başlanandan 2021-ci ilin axırına qədər Yəməndəki müharibə səbəbindən 377 min insan həyatını itirib.

Hürr Tərcüman