📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BMT-də İranla bağlı müzakirə: "Tehranın raket proqramı bölgə üçün təhdiddir"

2022-07-01 13:09:00

BMT-də İranla bağlı müzakirə:

BMT Təhlükəsizlik Şurasının iclasında Amerika nümayəndəsi Richard M. Mils İranın raket proqramının təhdidləri barədə xəbərdarlıq edib. O, qurumun 2231 saylı qətnamənin icrasını nəzərdən keçirmək üçün keçirilən iclasında bir daha İranın raket proqramının region ölkələri üçün təhdid olduğunu bildirib.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə atılan raketlərin İran istehsalı olduğunu deyən Mils, Vaşinqtonun həmin hücumları pislədiyini vurğulayıb. "İranın bölgədə öz proksi qruplaşmalarına raket texnologiyalarını yaymaq və ötürmək fəaliyyətinə son qoyulmalıdır"-deyə, Amerika nümayəndəsi qeyd edib. Mills Amerikanın sazişi yalnız İranın nüvə razılaşması çərçivəsindən kənar olan əlavə tələblərindən imtina edəcəyi halda yekunlaşdıra və həyata keçirə biləcəyini söyləyib.
Böyük Britaniyanın BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Barbara Vud Uord amerikalı həmkarının fikirlərini dəstəkləyərək İranın nüvə proqramının heç vaxt indiki qədər inkişaf etmədiyini deyib. "İranın nüvə fəaliyyətləri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir və İran qabaqcıl sentrifuqaların quraşdırılması hesabına zənginləşdirmə imkanlarını artırıb. İran Beynəlxalq Atom Enerjisi Agentliyinin 27 müşahidə kamerasını sıradan çıxarıb və Tehran hökuməti 2231 saylı qətnamənin B Əlavəsini pozaraq ballistik raketlər yaratmaqda davam edir"-deyə, Britaniya nümayəndəsi bildirib.
Qeyd edək ki, İran nüvə danışıqlarının davam etdirilməsi və razılığın əldə olunması üçün İnqilab keşikçiləri Korpusunun (SEPAH) adının terrorçu qruplar siyahısından çıxarılması şərtini irəli sürüb. Bu isə, Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla üzləşib. 

Ülviyyə, Hurriyyet.az