BMT Şurasında Rusiyanın yerini Çexiya tutdu
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Çexiya rəsmən BMT-nin İnsan Hüquqları Şurasının üzvü seçilib.
BMT-nin Baş Assambleyası Ukraynadakı müharibə səbəbindən Şuradan çıxarılmış Rusiyanın yerinə Çexiyanın namizədliyini dəstəkləyib.
İnsan Hüquqları Şurasının mətbuat xidmətinin verdiyi xəbərə görə, Rusiya 2022-ci ilin aprelində Şuranı tərk edib. Çexiya Respublikası 2023-cü ilin 31dekabr tarixinə qədər bu yerə seçilib.
Çexiyanın Xarici İşlər Nazirliyi ölkənin bu imkandan insan hüquqlarının müdafiəsi naminə fəaliyyət üçün istifadə edəcəyini bəyan edib.
Xatırladaq ki, aprelin 7-də BMT-nin Baş Assambleyası Rusiya Federasiyasının İnsan Hüquqları Şurasının üzvlüyünün dondurulması barəsində qətnamə qəbul edib. Bu, İnsan Hüquqları Şurasında mümkün olan maksimal cəzalandırma dərəcəsidir – dövləti Şuradan çıxarmaq qeyri-mümkündür. Lakin bu qətnamə nəticəsində Rusiya Federasiyası Şura üzvlərinin malik olduqları bütün prosedur hüquqlarından məhrum olub. Səsvermə zamanı heç bir Avropa ölkəsi Rusiyanı dəstəkləməyib.
Bunun ardından Rusiya özü BMT-nin İnsan Hüquqları Şurasını “könüllü şəkildə” tərk elədiyini bəyan edib.
Ardından Çexiya öz namizədliyini irəli sürərək Şurada Rusiyanı əvəz eləmək istəyini bildirib.
Hürr Tərcüman