BMT üzvü olan 50 ölkə Çini uyğurları azad eləməyə çağırıb
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə də daxil olmaqla, BMT üzvü olan 50 ölkə Çini SincanUyğur Muxtar Vilayətinin sakinləri olan, “əsassız olaraq azadlıqdan məhrum edilmiş uyğurları azad eləməyə” çağırıb.
Sənədin müəllifləri BMT-nin “Sincanda bəşəriyyətə qarşı cinayətlər” hesabatına istinad edirlər.
Kanadanın BMT-dəki daimi nümayəndəsi Bob Raeb BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin iclasında 50 ölkənin imzaladığı bəyanatı oxuyub. Birgə bəyanatda “insan hüquqlarının ağır və sistemli pozuntuları” pislənir.
BMT ölkələri Pekini BMT-nin “Sincanda bəşəriyyətə qarşı cinayətlər” hesabatındakı bütün tövsiyələrin yerinə yetirməyə, itkin düşənlərin taleyi və harada olmaları barəsindəki informasiyanı açıqlamağa və onların ailələrinə qayıtmasına imkan yaratmağa çağırıb.
Sənədi bu ölkələr imzalayıb: Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Beliz, Bolqarıstan, Kanada, Çexiya, Xorvatiya, Danimarka, Estoniya, Esvatini, Finlandiya, Fransa, Almaniya, Qvatemala, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latviya, Liberiya, Lixtenşteyn , Litva, Lüksemburq, Marşal Adaları, Monako, Monteneqro, Nauru, Hollandiya, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Palau, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, Somali, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna , Böyük Britaniya və Amerika Birləşmiş Ştatları.
Bəyanatda deyilir:
“Çinin insan hüquqlarını ciddi və sistemli şəkildə pozmasına terrorçuluqla mübarizə adı altında haqq qazandırmaq olmaz”.
“BMT-nin Ali Komissarı Mişel Baçeletin 31 avqust tarixli hesabatında Çində türk uyğurlara qarşı münasibətdə insan hüquqlarının pozulmasına ciddi dəlillər təqdim edilib”.
Böyük Britaniyanın Xarici İşlər naziri Ceyms Kleverli “Tvitter” səhifəsində yazıb: “6 qitədən olan 50 ölkənin bəyanatı beynəlxalq narahatlığın miqyasını əks etdirir”.
Çindən BMT üzvlərinə göndərilən məktubda İnsan Hüquqları Komitəsinin “antiçin” adlandırdığı iclasını boykot etdiyi bildirilir və bütün ölkələrə bu iclası boykot eləmək tövsiyə edilir.
Hürr Tərcüman