Bolqarıstanda yeni prezident: Bakı-Sofiya münasibətlərini nə gözləyir?
Bolqarıstanda prezident seçkilərinin nəticələri məlum olub. Bolqarıstanın müvəqqəti Prezidenti İliana Yotova prezident seçkilərinin ikinci turunda səslərin 57,6 faizini toplayaraq qalib gəlib. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası bülletenlərin 99,68 faizinin hesablanmasından sonra məlumat yayıb. Yotova və vitse-prezidentliyə namizəd Kiril Valçev rəqibləri Andrey Gyurov və Georgi Kandevi qabaqlayıblar. Sonuncular səslərin 39,3 faizini əldə ediblər.
Beləliklə, İliana Yotova Bolqarıstan tarixində seçkilər yolu ilə dövlət başçısı seçilən ilk qadın olub.
Xatırladaq ki, İliyana Yotova mayın 17-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Bakıya səfər etmişdi. Maraqlıdır, onun prezidentliyi dövründə Azərbaycan-Bolqarıstan münasibətlərini nə gözləyir?

Politoloq Oqtay Qasımov mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Bolqarıstan arasında normal münasibətlər mövcuddur.
Onun sözlərinə görə, Azərbaycan Bolqarıstanın enerji təminatında iştirak edir. Xüsusilə Azərbaycan qazı Avropadakı interkonnektorlar vasitəsilə Bolqarıstana da nəql olunur.
"Bolqarıstan Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycandan qaz alan dövlətlərdən biridir".
O.Qasımov bildirib ki, ənənəvi olaraq Azərbaycanla Bolqarıstan arasında normal münasibətlər formalaşıb və qarşılıqlı səfərlər həyata keçirilib:

Politoloq: Azərbaycan Bolqarıstanın enerji təminatında iştirak edir
"Bu baxımdan, Bolqarıstan prezidentlərinin və baş nazirlərinin Azərbaycana səfərlərini də xatırlamaq olar".
Politoloqun fikrincə, yeni prezidentin dövründə də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra əsası qoyulmuş siyasi münasibətlər sistemi davam etdiriləcək:
“Dövrümüzün çağırışlarına uyğun olaraq bu münasibətlərin daha da inkişaf etdirilməsi zərurəti var. Azərbaycanla Bolqarıstan arasında ciddi fikir ayrılıqları və toqquşan maraqlar olmadığı üçün əlaqələrin sabit şəkildə inkişaf edəcəyini düşünürəm”.