📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Borçalıdakı soydaşlarımız yalqız olmadıqlarını hiss etməlidirlər" - ELMƏDDİN BEHBUD

2024-05-29 10:51:53

"Dünyaya açılan qapımızın üzərində yaşayan soydaşlarımıza dövlət səviyyəsində yardım edilməsi çox yaxşı olardı"

"Bir neçə gündür davam edən təbii fəlakət qonşu Gürcüstanda, Borçalıda yaşayan soydaşlarımıza ciddi ziyan vurub. Güclü yağış nəticəsində Debed (XIX əsrin sonu, XX əsrin əvvəllərinədək yazılı mənbələrdə Borçalı çayı adlanırdı) və Xram (Anaxatır) çayları daşaraq Sarvan, Çörük Qəmərli, Ağbulaq, Qaratəpə və Başkeçid rayonlarında 20-dək kənddə çoxsaylı problemlər yaradıb". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbuda məxsusdur.

Siyasi analitik qeyd edib ki, sel suları kommunikasiya xətlərinə, yol infrastrukturuna, habelə vətəndaşların şəxsi təsərrüfatlarına və evlərinə ciddi ziyan vurub: "Bir sıra yerlərdə körpülər dağılıb, ticarət mərkəzlərinə su dolub. Dünyaya açılan qapımızın üzərində yaşayan soydaşlarımıza dövlət səviyyəsində yardım edilməsi çox yaxşı olardı. Zərər çəkmiş insanlarımız yalqız olmadıqlarını hiss etməlidirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az