📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Borcdan yayınmaq niyyətində deyiləm, amma…” - “Azəriqaz”dan şikayətçi olan Şəhid bacısından Prezidentə MÜRACİƏT

2026-11-09 14:35:45

“Borcdan yayınmaq niyyətində deyiləm, amma…” - “Azəriqaz”dan şikayətçi olan Şəhid bacısından Prezidentə MÜRACİƏT

İmişli rayonu, Mikayıl Müşfiq küçəsi, ev 44 ünvanında yaşayan Səmədova (Çoban) Sehrayyə Səməd qızı tərəfindən Hurriyyet.net saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid bacısı olan şikayətçi saytımız vasitəsilə Prezident ilham Əliyevə və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədova müraciət edir:

“Cənab Prezident!

Hörmətli Azər Məmmədov!

Mən, Səmədova (Çoban) Sehrayyə Səməd qızı, şəhid Səmədov Əli Səməd oğlunun bacısıyam. Qardaşım Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Bu gün isə mən özüm ağır həyat şəraiti, maddi çətinliklər və ailə problemləri ilə üz-üzə qalmışam.

Həyat yoldaşım haqsızlığın qurbanı olaraq həbs edilib. Hazırda üç övladımla birlikdə olduqca acınacaqlı vəziyyətdə yaşayıram. İşləmirəm, heç bir sabit gəlir mənbəyim yoxdur. Övladlarımın gündəlik ehtiyaclarını qarşılamaqda belə, ciddi çətinlik çəkirəm.

Son günlər havaların soyuq keçməsi səbəbindən uşaqlarım xəstələnib. Bir ana kimi onların əziyyət çəkməsini görmək, lakin maddi imkansızlıq üzündən lazımi şəraiti təmin edə bilməmək mənə olduqca ağırdır.

İnanın, əgər imkanım olsaydı, heç bir dövlət qurumunun qapısını döyməzdim. Bu sözləri yazmaq, yaşadığım acı həqiqətləri sətirlərə köçürmək mənim üçün olduqca çətindir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bir şəhid bacısı, üç övladını çətinliklə böyütməyə çalışan bir ana kimi Sizə üz tutaraq müraciətimin diqqətdən kənarda qalmamasını və cavabsız qoyulmamasını xahiş edirəm.

Ərizə ilə müraciət edərək diqqətinizə çatdırmaq istəyirəm ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yaşadığım ünvana aid 233402900001930 saylı abonent hesabına 1763 manat, 56 qəpik məbləğində borc hesablanmışdır. Maddi vəziyyətimin son dərəcə ağır olması səbəbindən həmin borcu vaxtında ödəmək imkanım olmayıb.

Yaranmış vəziyyətlə əlaqədar aidiyyəti quruma müraciət edərək möhlət verilməsini xahiş etmişəm. Xüsusilə, qışın soyuq günlərində qaz təminatımın dayandırılmamasını, borcu isə imkanım daxilində hissə-hissə ödəyəcəyimi bildirmişəm. Lakin təəssüf ki, müraciətlərim və xahişlərim nəzərə alınmamış, vəziyyətimə anlayış göstərilməmiş və yaşadığım ünvana qazın verilməsi dayandırılmışdır.

Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, ailəmiz aztəminatlı ailədir. Maddi durumumuz olduqca ağırdır. Himayəmdə yetkinlik yaşına çatmayan üç övladım var. Heç bir iş yerim və sabit gəlirim olmadığı üçün hazırda qeyd olunan borcu ödəmək iqtidarında deyiləm. Bütün bunlara baxmayaraq, borcdan yayınmaq niyyətində deyiləm.

Hazırda havaların kəskin soyuq keçdiyi bir vaxtda qazsız evdə yaşamaq mənim və övladlarım üçün dözülməz vəziyyət yaradıb. İsitmə imkanı olmayan evdə uşaqlarım soyuqdan əziyyət çəkir, tez-tez xəstələnirlər. Bir ana kimi övladlarımı bu şəraitdə görmək mənə mənəvi əzab verir. Onların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün əlimdən gələni etməyə çalışsam da, maddi imkansızlıq buna imkan vermir.

Cənab Prezident!

Hörmətli Azər Məmmədov!

Sizdən bir şəhid bacısının, həyat yoldaşı həbsdə olan, üç azyaşlı övladını təkbaşına böyütməyə çalışan və ağır sosial vəziyyətdə yaşayan bir ananın fəryadına biganə qalmamağınızı xahiş edirəm.

Xahiş edirəm, ailəmin ağır maddi və sosial vəziyyəti, himayəmdə üç azyaşlı uşağın olması nəzərə alınaraq, müraciətimə xüsusi diqqət yetirilməsi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təminatımın bərpa olunması üçün aidiyyəti qurumlara müvafiq tapşırıq verəsiniz.

Mən heç bir imtiyaz və ya xüsusi güzəşt tələb etmirəm. Sadəcə, bir ana olaraq övladlarımın soyuqdan əziyyət çəkməməsini, qışın şaxtalı günlərində isti evdə yaşamasını istəyirəm. Ümid edirəm ki, bir şəhid bacısının və çarəsiz vəziyyətdə qalmış üç uşaq anasının bu müraciəti diqqətdən kənarda qalmayacaq.

Müraciətimin nəzərə alınacağına və müsbət həllini tapacağına ümid edir, Sizdən kömək və dəstək gözləyirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm”.

Jalə FAMİLQIZI

P.S. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinə məlumat verilib. Qurumun mövqeyini dərc etməyə çalışacağıq.