📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Boris Consondan İstanbul etirafı: “Nənəm qul kimi satılıb”

2026-11-09 13:29:01

Boris Consondan İstanbul etirafı: “Nənəm qul kimi satılıb”

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ailəsinin Osmanlı dövrünə gedib çıxan keçmişi ilə bağlı maraqlı açıqlama verib. O, ulu nənəsinin 13 yaşında İstanbulun Qapalıçarşısında qul kimi satıldığını bildirib.

Hurriyyet.net  Türkiyənin “Haberler” nəşrinə istinadən xəbər verir ki, Conson bu barədə “Daily Mail” qəzetində dərc olunan köşə yazısında bəhs edib.

Keçmiş baş nazirin sözlərinə görə, onun ulu nənəsi çərkəz əsilli, 13 yaşlı qız uşağı olub və İstanbulda kölə kimi satılıb.

Conson bildirib ki, nənəsinin bəxti gətirib: onu mərhəmətli bir türk qadını alıb, təhsil verib və daha sonra 43 yaşlı oğlu ilə evləndirib. Qadının adı Hənifə Fəridə olub.

Boris Conson ailəsinin kölə nəslindən gəldiyini vurğulayaraq, bununla bağlı ironik sual da səsləndirib:

“Biz Consonlar da kölə nəslindənik. İndi imkanlı bir ailə olduğumuza görə təzminat tələb etməliyik?”.

O, Osmanlı dövründə baş vermiş hadisələrə görə indiki Türkiyə vergi ödəyicilərinin məsuliyyət daşımalı olmadığını bildirib.

Qeyd edək ki, Boris Conson Osmanlı imperiyasının son dövründə jurnalist və nazir olmuş Əli Kamalın nəticəsinin oğludur. Türk köklərinə görə o, zaman-zaman “Türk Boris” və “Çankırılı Boris” adlandırılıb.

Consonun bu açıqlaması Böyük Britaniyada ölkənin kölə ticarəti və müstəmləkəçilik keçmişinə görə üzr istəməsi və təzminat ödəməsi ilə bağlı müzakirələrin getdiyi vaxta təsadüf edib.