Borrell Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukrayna üçün silahlara xərcləməyi təklif etdi
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Rusiya Mərkəzi Bankının Avropada dondurulmuş aktivlərindən əldə olunan gəlir Ukraynanın müdafiə problemlərinin həllinə yönəldilə bilər. TASS xəbər verir ki, o, bu fikri öz bloqunda bildirib.
“Əgər Üzv Dövlətlər razılaşarsa (bu, Ali Nümayəndənin təklifi ilə bağlı yekdil qərar olmalıdır), biz Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukrayna üçün silah almaq və/yaxud onun müdafiə sənayesini gücləndirməyə kömək etmək üçün istifadə edə bilərik” - deyə o yazıb.
Borrell qeyd edib ki, Aİ indiyədək bu mənfəətdən Ukraynanın yenidən qurulmasına dəstək vermək imkanını nəzərdən keçirib, lakin hazırda əsas məsələ Ukraynanın bərpası deyil, “daha da məhv edilməsinin qarşısını almaqdır”.
Aİ diplomatiyasının rəhbəri vurğulayıb ki, Aİ-yə üzv dövlətlər razılaşarsa, bu resurslar Avropa Sülh Fondu vasitəsilə Ukraynaya əlavə hərbi dəstək vermək üçün istifadə oluna bilər. Diplomat əlavə edib ki, uzunmüddətli perspektivdə Aİ bu pulu Ukraynanın müdafiə sənayesi bazasını dəstəkləmək üçün də istifadə edə bilər.
minval.az