📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Boş-boş danışmaqla, boğazdan yuxarı sözlər və çağırışlarla Rusiyaya qalib gəlmək mümkün deyil”

2021-08-29 00:10:00

“Boş-boş danışmaqla, boğazdan yuxarı sözlər və çağırışlarla Rusiyaya qalib gəlmək mümkün deyil”

“Azərbaycan dövlətinin yaxın 3 il üçün ən böyük hədəfi Rusiya “sülhməramlılarının” ölkə ərazisindən çıxarılması olmalıdır. İqtidar, müxalifət, sivil toplum, vətəndaşlar, media – bütün resurslar bu istiqamətdə səfərbər edilməlidir”.

 

Bunu ekspert Natiq Cəfərli bildirib.

 

N.Cəfərli qeyd edib ki, normal ortam olmalı, iqtdar səmimi şəkildə bu hədəfə çatmaq üçün çalışmalıdır: “Əslind ən çox elə iqtidara sərf etməlidir ki, 2025-ci ilin may ayının 10-da (5 illik müddətin bitməsinə 6 ay qalmış) Rusiya “sülhməramlılarının” çıxarılması ilə bağlı qərar qəbul edilsin. Çünki 2025-ci il (əgər erkən seçkilərlə bağlı qərar qəbul edilməsə) həm parlament, həm də prezident seçkiləri ilidir. Rusiya əsgərinin ölkə ərazisində olması seçkilərdə ən böyük təzyiq vasitəsinə çevriləcək. Kreml 2013-cü ildə qurduğu oyunun daha qəlizini, daha təsirlisini qurmaq üçün şans əldə edəcək. Bu yaxınlarda Jirinoskinin dili ilə İlham Əliyevi təhdid edən Moskva, “ölkədə güclü müxalifət var”, deyərkən, əsasən sistemdaxili gücləri, “vurulmuş”, amma hələ də ciddi maddi və inzibati resurslara malik olan hakimiyyət nümayəndələrini, bu gün də müxtəlif vəzifələrdə qalan, əllərində böyük resurslar olanları (maddi və inzibati) nəzərdə tuturdu. Onların bəzi müxalif güclərlə gizli anlaşmaları Kremlin ölkə daxilində təsir və təzyiq mexanizmlərinin yaranmasına səbəb olacaq. Moskva bunu artıq “Milyarderlər İttifaqı” və müxtəlif “şuralar” vasitəsilə ölkədə sınaqdan çıxarıb. Ona görə də, İlham Əliyev bu təhlükəni görməli, illərdir dediyimiz, izah etdiyimiz “qəliz və effektiv” idarəetmə modelinə təcili keçidlə bağlı qərarlar verməlidir. Qardaş Türkiyənin 54-cü hökuməti koalision idi – Erbakan və Tansu Çiller koalisiya qurdular. Bir dəfə xanım Çillerden soruşublar ki, ideoloji tamam əks mövqedə olduğunuz Erbakanla birgə işləmək çətin deyil ki?! Tansu xanım cavab verir ki, koalisiyada Erbakanın çox özəl yeri var idi – AB ilə danışıqlar gedirdi, Avropa Birliyi çox sərt, Türkiyə üçün problemlər yarada biləcək şərtlər qoymağa çalışırdı, o şərtləri yumşaltmaq üçün Türkiyə mənafeyi naminə danışıqlarda AB-ni Erbakanla çəkindirirdim, söyləyirdim ki, bu şərtləri biz qəbul etsək də, koalision ortağımız qəbul etməyəcək, ittifaq dağılacaq, hökumət böhranı olacaq, bunumu istəyirsiniz?! O zaman Avropa güzəştə getməyə, şərtləri yumşaltmağa başlayırdı, Türkiyənin ziyanına ola biləcək tələbləri masadan qaldırırdı. Dediyimiz qəliz, çoxşaxəli, məsuliyyət və salahiyyət bölgüsünü özündə dəqiq ehtiva edən, hakimiyyət bölgüsünü gücləndirməklə ölkə mənafelərini müdafiə etməyi bacaran sistem bax budur. Bunun üçün isə köklü konstitutsion islahatlar lazımdı, bunun üçün məsuliyyətli iqtidar, onlardan daha məsuliyyətli müxalifət lazımdı.  Boş-boş danışmaqla, boğazdan yuxarı sözlər və çağırışlarla Kremlə, Rusiyaya qalib gəlmək mümkün deyil. Ancaq ağıl, vətənsevərlik, əsl dövlətçilik bizi gələcək təhlükələrdən sığortalaya bilər. Çoxşaxəli və qəliz idarəetmə modeli xarici basqəları sığortalaya biləcək yegənə siyasi alətdir – başqa yol yoxdur”. \\Pravda.az