"Böyük Britaniyanın Silahlı Qüvvələr nazirinin Azərbaycana səfəri Moskvaya verilən mesajdır" - XAQANİ CƏFƏRLİ
"Azərbaycanın xarici siyasət kursunun vektorunu Qərbə, Londona çevirməyin zamanı çatmışdır"
"Putinin Rusiya imperiyasını bərpa etmək niyyəti ilə Ukraynaya qarşı total müharibə apardığı və Azərbaycan xalqının 31 mart soyqırım qurbanların xatirəsini anmağa hazırlaşdığı bir zamanda Birləşmiş Krallığın Silahlı Qüvvələr naziri Ceyms Heppinin Azərbaycana səfəri Moskvaya verilən mesajdır. London bununla Ukrayna kimi Azərbaycanı da dəstəkləməyə hazır olduğunu nümayiş etdirir". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, Türkiyə Azərbaycanın təbii müttəfiqi olsa da, türk dövlətinin imkanları çox geniş deyil: "Ona görə, BMT Təhlükəsizlik Şurasının veto hüquqlu beş daimi üzvündən , iqtisadiyyatca dünyanın beş böyük dövlətindən və ən nəhayət, beş böyük nüvə dövlətindən biri olan Böyük Britaniyanın Azərbaycanın tərəfdaşından müttəfiqinə çevrilməsi dövlətimiz üçün həyati əhəmiyyət kəsb edir. Rusiyanın yeni imperiya avantürasına qarşısı Birləşmiş Krallığın qətiyyətlə çıxışı postsovet məkanın gələcəyini müəyyən etmişdir və bu regionun gələcəyi bundan sonra Böyük Britaniya ilə bağlıdır".
Xaqani Cəfərli hesab edir ki, Azərbaycanın xarici siyasət kursunun vektorunu Qərbə, Londona çevirməyin zamanı çatmışdır: "Bunun üçün ölkənin demokratikləşməsi hər zamankından daha böyük əhəmiyyət kəsb etməyə və həyati məsələyə çevrilməyə başlayıb. Ukraynadakı məğlubiyyət Rusiyanın geosiyasi mənzərəsini dəyişəcək. Azərbaycan Qafqazda sülh və sabitliyinin təminatçısı ola biləcək yeganə dövlətdir. Bu vəzifəni isə ancaq Böyük Britaniya ilə müttəfiq olaraq həyata keçirmək mümkündür".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az