"Böyük ehtimalla, Rusiya qəsdən Polşa ərazisini raket atəşinə tutub" - POLİTOLOQ
"Növbəti addımı NATO atmalıdır, Şimali Atlantika Bloku zəiflik nümayiş etdirsə, Rusiya raketləri yenidən Polşaya düşəcək"
"Rusiya raketlərindən bir neçəsinin Polşa ərazisinə düşməsi və nəticədə Polşanın iki vətəndaşının həlak olması Ukraynaya qarşı işğalçı müharibənin miqyasını artırır. Polşa prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb. Polşa NATO ölkəsi olaraq Şimali Atlantika Blokundan müdafiə bəndinin işə düşməsini istəyəcək". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq hesab edir ki, böyük ehtimalla Rusiya qəsdən Polşa ərazisini raket atəşinə tutub, bununla NATO-nun nəbzini yoxlamaq istəyir: "Kreml məğlubiyyətini pərdələmək üçün Ukrayna ilə deyil NATO ilə savaşdığını iddia edir. Ona görə də bir gün Rusiya raketlərinin NATO-ya üzv ölkələrə düşəcəyi gözlənilən idi. Növbəti addımı NATO atmalıdır, Şimali Atlantika Bloku zəiflik nümayiş etdirsə, Rusiya raketləri yenidən Polşaya düşəcək".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, NATO-nun digər qanadı - Baltik ölkələri də Rusiya raketlərindən sığortalanmayıblar.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az