Böyük güclərin "Taliban"a qarşı münasibəti nədən dəyişib?
Xaqani Cəfərli: "Rusiya hələlik ABŞ-ın Əfqanıstanı tərk etməsinin yaratdığı eyforiyaya qapılıb, ancaq tezliklə bölgə uğrunda mübarizənin yeni mərhələyə keçidinin doğuracağı tədid və risklərlə mübarizə aparmalı olacaq"
"Mərkəzi Asiyada təsir dairəsi uğrunda mübarizəyə Pakistan, Türkiyə və İran da qoşulub"
"Hindistan istisna olmaqla, bütün böyük dövlətlər "Taliban" üzərindən oyun qurmağa çalışırlar"
1994-cü ildə yaranan, 1996-2004-cü illərdə Əfqanıstanda iqtidarda olan, 2003-cü ildə isə BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınan "Taliban" bir neçə gün öncə paytaxt Kabulu ələ keçirdikdən və bununla da yenidən hakimiyyətə gəldikdən sonra bir sıra nüfuzlu ölkələr adıçəkilən təşkilatla əməkdaşlığa hazır olduqlarını bəyan ediblər. Məsələn, axar.az-da yer alan informasiyaya görə, Böyük Britaniyanın baş naziri Boris Conson tələb olacağı halda ölkəsinin "Taliban"la çalışacağını qeyd edib: "Bizim siyasi və diplomatik səylərimiz Əfqanıstanda həll yolu tapmağa yönəlib. O cümlədən, tələb olacağı halda, Talibanla işləmək də buraya daxildir".
Dünyanın bir sıra nüfuzlu dövlətləri və qurumları BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınan "Taliban"la əməkdaşlığa hazır olduqlarını bəyan edib
Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell isə bildirib ki, AB "Taliban" hərəkatının müharibədə qalib gəldiyini qəbul edir: ""Taliban" qalib gəldi, buna görə də miqrasiya və humanitar böhranların qarşısını almaq üçün Kabildəki yeni hakimiyyətlə danışmalıyıq". Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabirov isə deyib ki, "Taliban"ın terror təşkilatlarının siyahısından çıxarılması proseduruna başlamaq üçün BMT Təhlükəsizlik Şurasının bütün üzvləri Əfqanıstanın yeni səlahiyyətlilərinin sivil davranacağına əmin olmalıdırlar: "Bu fikir hər kəs üçün ümumi nəzər nöqtəsinə gəldikdə, prosedur BMT Təhlükəsizlik Şurasının qərarı ilə başlaya bilər. Sonrakı məsələlər texniki problemlər olacaq".
Bu arada, qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, hakimiyyətdə kim olursa-olsun, yaxşı və pis gündə Əfqanıstanın yanında olmaq qardaşlıq gərəyidir: ""Taliban" nümayəndələrini qəbul edəcəyimizi daha əvvəl bildirmişdik. Bu gün də həmin mövqeyimizi qoruyuruq. Taliblərin müsbət açıqlamalarını biz məmnuniyyətlə qarşılayırıq". Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə "Amerika "Taliban"la müqavilə imzalayanda problem olmur, biz görüşəndə isə problem olur", deyə qeyd edib. Çavuşoğlu əlavə edib ki, Türkiyə öz mənfəəti üçün hər kəslə danışmalıdır: "Bu onların idarəçiliyini və ideologiyasını mənimsədiyimiz mənasına gəlmir. Çin, Rusiya, İran Talibanla danışıqlar aparır. Bunlar normal şeylərdir. Sosial mediada "Türkiyə dünyəvidir, "Taliban" rejimini mənimsədikmi?" kimi ifadələr gördüm. Hazırda "Taliban"ın hava limanına heç bir müdaxiləsi yoxdur. Biz dedik ki, bunu alqışlayırıq. "Taliban" rəhbərliyini və rejimini qəbul edirik, bunu alqışlayırıq demədik".
Rusiya və Çin artıq "Taliban"la dostluq əlaqələri qurub, ABŞ isə dünyanın bu hissəsində təsir gücünü itirir
Yeri gəlmişkən, Böyük Britaniyanın nüfuzlu "Daily Express" nəşrində dərc olunan məqalədə deyilir ki, Əfqanıstan böhranı fonunda Pekinin təsiri artdıqca Rusiya və Çin dəhşətli ittifaqa meyil edirlər. Qeyd olunur ki, Çinin uzun müddətdir "Taliban"la əlaqədə olduğu üzə çıxıb. İndi isə Rusiya və Çin Amerika qoşunlarının Mərkəzi Asiyadan xaotik şəkildə çıxarılmasından istifadə edəcək. Axar.az-ın məlumatına görə, politoloq və regional ekspert Barbara Kelemen hesab edir ki, Rusiya eyni zamanda, Orta Asiyadakı təsir zonasını qorumağa çalışır və qeyri-sabitliyin bu regiona keçməməsini təmin etmək istəyir. Politoloqun sözlərinə görə, Rusiya və Çin artıq "Taliban"la dostluq əlaqələri qurub. Amerikalılar dünyanın bu hissəsində təsir gücünü itirirlər. Ümumiyyətlə, yaxın gələcəkdə baş verəcək dəyişiklikləri qiymətləndirmək təxminən altı ay çəkəcək. "Rusiyanın Çindən daha çox, Qərbi Avropa və ABŞ ilə ortaq maraqları var. Rusiya heç vaxt onu dünya müharibəsinə sürükləyəcək hərbi ittifaqa girməyəcək", - deyə Kelemen vurğulayıb.
"ABŞ-ın Əfqanıstandan çəkilməsiylə Mərkəzi Asiya uğrunda mübarizə kəmiyyət və keyfiyyətcə yeni mərhələyə keçib"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən politoloq Xaqani Cəfərlinin fikrincə, artıq Mərkəzi Asiya uğrunda mübarizə yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilat kimi tanınan "Taliban"a yönəlik münasibət kəskin dəyişib: "Çeçenistanın müstəqilliyini tanıması, bütün müsəlmanları Rusiyaya qarşı "müqəddəs müharibə"yə çağırması kimi faktların olmasına baxmayaraq, Moskvanın "Taliban"a yönəlik siyasətində ciddi dəyişiklik hiss olunur. Hətta son günlər Rusiya rəsmilərinin "Taliban" təmsilçilərinə yönəlik çıxışlarında rəğbət doğurucu ifadələrdən istifadə etdiyi də aydın görünür. Moskvanın "Taliban"a yönəlik siyasətində ən azından 120 dərəcəlik bir dönüş hiss olunur. Bu isə yalnız Rusiyanın "düşmənimin düşməni mənim dostumdur" məntiqi ilə çıxış etməsi bağlı deyil. Moskvada və dünyanın önəmli siyasi mərkəzlərində hər kəs anlayır ki, ABŞ-ın Əfqanıstandan çəkilməsiylə Mərkəzi Asiya uğrunda mübarizə kəmiyyət və keyfiyyətcə yeni mərhələyə keçib. ABŞ-ın Əfqanıstanı tərk etməsinə kimi bölgə uğrunda mübarizə əsasən üç ölkə - ABŞ, Rusiya və Çin arasında gedirdi. İndi isə Mərkəzi Asiyada təsir dairəsi uğrunda mübarizəyə bu dövlətlərlə yanaşı, Pakistan, Türkiyə və İran da qoşulub".
"Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın Əfqanıstandan gələcək təhlükə qarşısında özlərinə dəstək axtarmaları Mərkəzi Asiyada təsir dairəsi uğrunda mübarizə aparan dövlərin bölgəyə daxil olmasını asanlaşdıracaq"
Politoloq hesab edir ki, Mərkəzi Asiya uğrunda başlanan yeni mübarizənin digər önəmli məqamı isə bu prosesdə "Taliban"a önəmli yer ayrılmasıdır: "Aydın görünür ki, hər bir dövlət "Taliban" üzərindən oyun qurmağa çalışır. BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilat kimi tanınan hərəkata münasibətin kəskin dəyişməsinin səbəbi də budur. Hazırda Hindistan istisna olmaqla, bütün böyük dövlətlər "Taliban" üzərindən oyun qurmağa çalışırlar. "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ almasından ən çox zərərli duruma düşən Hindistan, ən çox mövqeləri güclənən dövlət isə Pakistandır. Pakistanın mövqeyinin güclənməsi onun strateji müttəfiqi Çini də üstün duruma keçirib. "Taliban"ın elan etdiyi Əfqanıstan İslam Əmirliyinin əsas sərmayəçisinin də Çin olacağı gözlənilir. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın Əfqanıstandan gələcək təhlükə qarşısında özlərinə dəstək axtarmaları Mərkəzi Asiyada təsir dairəsi uğrunda mübarizə aparan dövlərin bölgəyə daxil olmasını asanlaşdıracaq. Rusiya təkbaşına bu dövlətlərin bütün ehtiyaclarını qarşılamaq imkanında olmadığı üçün Türkiyə və İranın bölgədə təsir dairəsi qazanmasının qarşısını ala bilməyəcək".
Xaqani Cəfərli onu da əlavə edib ki, ABŞ Əfqanıstandan geri çəkilsə də regiondan çox da uzağa getməyib: "Əksinə, "suların daha artıq bulandığı" bölgədə ABŞ-a ehtiyac daha da artacaq. Rusiya hələlik ABŞ-ın Əfqanıstanı tərk etməsinin yaratdığı eyforiyaya qapılıb. Ancaq tezliklə bölgə uğrunda mübarizənin kəmiyyət və keyfiyyətcə yeni mərhələyə keçidinin doğuracağı tədid və risklərlə mübarizə aparmalı olacaq. Mərkəzi Asiya uğrunda mübarizə Rusiyanın daxili proseslərinə də təsir edəcək. Çünki Rusiyanın Asiya hissəsinin cənub əraziləri də Mərkəzi Asiyaya aiddir".
Vazeh BƏHRAMOĞLU