“Böyük Qayıdış” a dəstək: BMT Qarabağla bağlı yeni planını açıqladı
“BMT Qarabağ bölgəsində Azərbaycan hökuməti ilə strateji dialoq keçirməyi planlaşdırır”.
Bunu jurnalistlərə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitri Şlapaçenko bildirib.
“Biz hökumətlə birlikdə Qarabağda strateji dialoq keçirməyi planlaşdırırıq. Mənim üçün bu, strateji əhəmiyyət kəsb edir və çox vacib istiqamətdir”, - o vurğulayıb.
D.Şlapaçenko qeyd edib ki, bu dialoq çərçivəsində hökumətin ehtiyacları müəyyən ediləcək və BMT-nin Qarabağda həyata keçirilən proseslərə hansı formada dəstək göstərə biləcəyi aydınlaşdırılacaq.
BMT rəsmisi, həmçinin Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə olan sadiqliyini qeyd edib: “Biz ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqində liderlərdən biri olmasından həqiqətən təsirlənmişik. Nə etmək lazım olduğuna dair Azərbaycanın artıq öz baxışı var”.
Bəs bu strateji dialoqun bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinə və Böyük Qayıdış prosesinə praktiki töhfəsi nə ola bilər?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib ki, BMT-nin Azərbaycanın azad edilmiş ərazilərində strateji dialoq keçirmə təşəbbüsü müsbət qiymətləndirilməlidir. E.Mirzəbəylinin fikrincə, proses kifayət qədər ləngiyib:

“Azərbaycan həm BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib, həm də BMT-nin üzərinə düşən humanitar missiyanı həyata keçirməsi istiqamətində ciddi addımlar atıb. Azad edilmiş ərazilərimizdə həyata keçirilən böyük infrastruktur layihələri, eyni zamanda “Böyük Qayıdış” proqramının uğurla həyata keçməsi bunun təsdiqidir. Düşünürəm ki, bu strateji dialoqun predmeti müxtəlif mövzular ola bilər. Hazırda bizim üçün əhəmiyyət kəsb edən, eyni zamanda BMT prioritetlərinə daxil olan məqamlardan biri Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və bu prosesə maneə yaradan, insan həyatı üçün təhlükə olan digər problemlərin həlli ilə bağlıdır. BMT bu istiqamətdə Azərbaycana dəstəyini genişləndirərsə, bu “Böyük Qayıdış” proqramının daha sürətli şəkildə həyata keçirilməsinə və iqtisadi fəallığın artmasına zəmin yarada bilər”.
E.Mirzəbəyli infrastruktur layihələrindən də bəhs edib: “BMT-nin təcrübəsinə nəzər salsaq, biz bu istiqamətdə də müxtəlif proqramların həyata keçirildiyinin şahidi olmuşuq. Nəticə strateji dialoqun mahiyyətindən asılı olacaq. BMT bütövlükdə Azərbaycana, xüsusilə də uğurla həyata keçirdiyi prosesə necə dəstək verəcəyini ilk növbədə özü müəyyənləşdirməlidir. Bu isə müzakirələr nəticəsində detallı şəkildə ortaya çıxa bilər. Hesab edirəm ki, bütün hallarda bu, gec də olsa, vacib bir yanaşmadır”.