📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Brüssel müzakirələrində müəyyən irəliləyiş əldə edilməsi vacibdir" - ELXAN ŞAHİNOĞLU

2024-02-21 11:13:57

"Almaniya kansleri Olaf Şolstun Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev və Nikol Paşinyanla görüş təşkil etməsi Şarl Mişelin işinə yarayıb"

"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanda prezident seçkisindən dərhal sonra İlham Əliyevə zəng etməsi, ardınca Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışması Brüsselin liderlərin növbəti görüşünün təşkil etməsinə hazırlıqla bağlıdır. Şarl Mişel yaxın günlərdə İlham Əliyevlə Nikol Paşinyanı Brüsselə dəvət etmək istəyir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Almaniya kansleri Olaf Şolstun Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev və Nikol Paşinyanla görüş təşkil etməsi Şarl Mişelin işinə yarayıb: "Münhendə liderlər Brüsseldə daha əvvəl əldə etdikləri razılaşmalara sadiq qaldıqlarını bildirdilər. Şarl Mişel Brüssel görüşünü təşkil etməyə çalışsa da, bunun hazırlıqlarını da sürətləndirməlidir. Yəni, Brüssel müzakirəsi sadəcə görüş xatirinə olmamalıdır, hansısa nəticəyə köklənmək lazımdır. Aydındır ki, gələcək görüşdə liderlərin sülh sazişi imzalaması problematikdir. Ancaq Brüssel müzakirələrində müəyyən irəliləyiş əldə edilməsi vacibdir, ortaq bəyanatın qəbulu mümkündür. Çünki ortamı yumşaltmağa ehtiyac var, müharibə heç kimin maraqlarına cavab vermir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az